Gürcüstan Daxili İşlər Nazirliyinin xidmət haqları artırılır
Gürcüstanın Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi tərəfindən göstərilən bəzi xidmətlərin tarifləri artırılır.
InterPress.ge xəbər verir ki, dəyişikliklər həm ölkə ərazisindən tranzitlə keçən nəqliyyat vasitələrinə verilən xarici tranzit nömrələrinə, həm də Gürcüstanda nəqliyyat vasitəsi satın alan və onu ixrac və ya re-ixrac edən xarici ölkə vətəndaşlarına aid olur.
Mövzu ilə bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib.
Layihəyə əsasən, tranzit nömrəsinin verilməsi üçün xidmət haqqı 50 lardan 370 lariyə qaldırılır. Gürcüstanın gömrük ərazisindən ixrac və ya re-ixrac üçün nəzərdə tutulan nəqliyyat vasitəsinin və kənd təsərrüfatı texnikasının ekspertizası üçün 100 larilik xidmət haqqı 180 lari olacaq. Eyni ekspertizanı agentliyin ərazi bölmələrindən kənarda keçirmək istəyənlər üçün xidmət haqqı 130 lardan 200 lariyə artırılır. İxrac və ya re-ixrac üçün nəzərdə tutulan nəqliyyat vasitəsinin gömrük bəyannaməsinin və ya qeydiyyat sənədinin doldurulması, məlumatların Daxili İşlər Nazirliyinə və Gəlirlər Xidmətinə təqdim edilməsi üçün xidmət haqqı 130 lardan 200 lariyə yüksəlir.
Layihə həmçinin yeni xidmət növlərinin yaradılmasını nəzərdə tutur:
- İxrac və ya re-ixrac üçün nəzərdə tutulan nəqliyyat vasitəsinə tranzit nömrəsinin verilməsi – 150 lari.
- Tranzit nömrəsinin verilməsini təsdiq edən sənədin təqdim edilməsi – 20 lari.
Qanun layihəsi parlamentdə təcili qaydada müzakirə olunacaq.


