Avstraliya 16 yaşadək uşaqlar üçün sosial medianı qadağan edən ilk ölkə oldu
Avstraliya 16 yaşına qədər olan uşaqlar üçün sosial media istifadəsini rəsmi olaraq qadağan edən və onlara platformalara girişin bloklanmasını tələb edən ilk ölkə olub.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Reuters yayıb.
Xəbərə görə, TikTok, Alphabet, YouTube, Meta və digər iri texnoloji şirkətlər daxil olmaqla 10 ən böyük platformaya uşaqların girişini tam bloklamaq tapşırılıb. Yeni qanunun tələblərinə əməl olunmadığı halda şirkətlər 49,5 milyon Avstraliya dollarına (təxminən 33 milyon ABŞ dolları) qədər cərimə oluna biləcək. Dünyanın müxtəlif ölkələrindəki tənzimləyici qurumlar bu addımı xüsusi diqqətlə izləyir.
Avstraliyanın baş naziri Entoni Albanese bu günü ailələr üçün “qürur günü” adlandırıb.
“Bu, nəhəng dəyişiklik yaradacaq. Bu, millətimizin üzləşdiyi ən böyük sosial və mədəni transformasiyalardan biridir. Bu, bütün dünyada əks-səda verəcək dərin islahatdır”, – deyə Albanese bildirib.
Reuters qeyd edir ki, hökumətin qərarı bir çox valideyn və uşaq hüquqları müdafiəçiləri tərəfindən müsbət qarşılanıb. Lakin böyük texnologiya şirkətləri və söz azadlığı müdafiəçiləri qərarı tənqid ediblər.


