Volodimir Zelenski Milad təbrikində Ukrayna üçün sülh arzusunu dilə gətirib
Ukrayna Prezidenti Volodimir Zelenski Milad bayramı münasibətilə xalqa müraciətində bildirib ki, qədim zamanlardan ukraynalılar Milad gecəsi səmanın açıldığına və bu anda deyilən arzuların mütləq gerçəkləşdiyinə inanırlar. Prezidentin sözlərinə görə, bu gün bütün ukraynalıların bir ümumi arzusu və bir ümumi diləyi var və bu arzu hər kəs üçün keçərlidir.
Zelenski qeyd edib ki, hər bir insan öz daxilində düşmənin məğlubiyyətini arzulaya bilər, lakin Tanrıya üz tutarkən daha böyük və ümumi bir istək ifadə olunur. Onun sözlərinə görə, ukraynalılar ölkə üçün sülh diləyir, bu sülh uğrunda mübarizə aparır və bunun üçün dua edirlər. Prezident vurğulayıb ki, Ukrayna xalqı buna layiqdir və hər bir ukraynalı ailənin harmoniya içində yaşaması, bütün uşaqların sevinməsi, hədiyyələr alması və xeyirxahlıqla möcüzələrə olan uşaq inamını qoruyub saxlaması əsas arzudur.
Ukrayna lideri əlavə edib ki, ən böyük istək uşaqların, valideynlərin, sevdiklərin və bütün ailələrin göz yaşlarının dayanmasıdır. Onun sözlərinə görə, xeyir və həqiqət qalib gəlməli, sülhün qələbəsi baş verməlidir. Zelenski bildirib ki, mütləq elə bir gün gələcək ki, ilk sülh ili və sülh içində keçən Milad bayramında hamı yenidən evlərində toplaşacaq və bir-birinə “Məsih doğuldu, Onu tərənnüm edin” sözlərini deyəcək.


