İranın Gürcüstandakı səfirliyi bəyanat yayıb
İranın Gürcüstandakı səfirliyi İranda baş verən son hadisələrlə bağlı bəyanat yayıb.
InterPress.ge xəbər verir ki, bəyanatda qeyd olunur ki, sülhməramlı nümayişlərin zorakı aksiyalara çevrilməsi və hakimiyyətin devrilməsinə yönəlmiş cəhdlər tam şəkildə ABŞ-ın məsuliyyəti altındadır.
Məlumatda bildirilir ki, İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-nin Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə məktub ünvanlayaraq ABŞ-ın İranın daxili işlərinə müdaxiləsi ilə bağlı mövqeyini çatdırıb. Məktubda ABŞ-ın İsrail rejimi ilə koordinasiyalı şəkildə hədələr, məqsədli destabilizasiya və zorakılığın təşviqi yolu ilə İranın daxili işlərinə müdaxilə etdiyi qətiyyətlə pislənir.
Bəyanatda vurğulanır ki, son günlər ABŞ-ın yüksək vəzifəli rəsmiləri, xüsusilə də ölkə prezidenti İsrailin baş naziri ilə birgə verdikləri açıq bəyanatlarla İranın daxili proseslərini xarici “müdaxiləyə ehtiyac varmış” kimi təqdim ediblər. İran tərəfi bunu ABŞ və İsrail rejimlərinin sinxronlaşdırılmış, təxribatçı addımları kimi qiymətləndirir və qeyd edir ki, bu cür ritorika zorakılığın təşviqinə, terrorçu qruplara dəstəyə və ictimai sabitliyin pozulmasına xidmət edir. Sülhməramlı aksiyaların zorakı qarşıdurmalara çevrilməsi də məhz “dəstək”, “xilas” və “İran xalqının qorunması” adı altında həyata keçirilən bu siyasətin nəticəsi kimi göstərilir.
İranın bəyanatında qeyd olunur ki, iranlılar bu cür ritorikanın real mahiyyətini yaxşı anlayırlar. Onilliklər ərzində ABŞ-ın düşmənçilik siyasəti, o cümlədən zorakı hərəkətlər və ədalətsiz birtərəfli sanksiyalar İran xalqının əsas humanitar hüquqlarını, xüsusilə də həyat və inkişaf hüququnu ciddi şəkildə pozub. Bu vəziyyət 2025-ci ilin iyununda İsrailin başlatdığı və ABŞ-ın mühüm rol oynadığı 12 günlük müharibə nəticəsində daha da ağırlaşıb. Həmin müharibə zamanı mülki şəxslər, mülki infrastruktur və Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətində olan İranın nüvə obyektləri hədəfə alınıb, nəticədə 1100-dən çox günahsız insan həlak olub.
Bəyanatda ABŞ-ın BMT Nizamnaməsini zəiflədən, beynəlxalq hüququn əsas prinsiplərini pozan və beynəlxalq sülhə təhlükə yaradan destabilizasiyaedici fəaliyyətləri qətiyyətlə və qeyd-şərtsiz pislənir. Vurğulanır ki, beynəlxalq hüququn heç bir prinsipi dövlətlərə insan haqları və ya “xalqın dəstəyi” bəhanəsi ilə zorakılığı təhrik etmək, sabitliyi pozmaq və ya digər ölkələrin daxili işlərinə müdaxilə etmək hüququ vermir.
İran tərəfi xatırladır ki, BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi dövlətlərə başqa ölkələrin ərazi bütövlüyünə qarşı güc tətbiqini və ya bununla hədələməni qadağan edir, 7-ci bənd isə üzv dövlətlərin daxili səlahiyyətlərinə müdaxiləni qəti şəkildə yasaqlayır. Beynəlxalq hüquqa əsasən, bir dövlətin açıq və ya gizli şəkildə digər dövlətin daxili və ya xarici işlərinə qarışması, zorakılığı və konstitusion quruluşun destabilizasiyasını təşviq etməsi yolverilməzdir.
Səfirliyin bəyanatında nəticə olaraq bildirilir ki, sülhməramlı nümayişlərin zorakı aksiyalara çevrilməsi, hakimiyyətin devrilməsinə yönəlmiş cəhdlər və ictimai mülkiyyətə ziyan vurulması bu siyasətin birbaşa və əvvəlcədən proqnozlaşdırılan nəticəsidir və bütün bu proseslərə görə məsuliyyət birmənalı şəkildə Amerika Birləşmiş Ştatlarının üzərinə düşür.


