Tbilisidə qadını qətlə yetirən şəxs saxlanılıb
Bu gün Tbilisidə, Marjanişvili prospektində baş verən qətl faktı ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi bir nəfəri saxlayıb.
InterPress.gr xəbər verir ki, bu barədə Daxili İşlər nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, saxlanılan şəxs 1991-ci il təvəllüdlüdür. Bildirilir ki, DİN-in Tbilisi Polis Departamentinin əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə 1991-ci il təvəllüdlü A.D.-ni saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 14 yanvar tarixində Tbilisidə iti kəsici alətdən istifadə edərək 1987-ci il təvəllüdlü M.T.-yə ölümcül xəsarətlər yetirib və hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayətdə şübhəli bilinən A.D. hadisədən qısa müddət sonra “isti izlərlə” saxlanılıb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır. Həmin maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


