Kvemo Kartlidə saxta spirtli içki istehsal edən şəxslər saxlanıldı
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Kvemo Kartli Regional Prokurorluğu ilə koordinasiyalı şəkildə həyata keçirilən operativ-axtarış və istintaq tədbirləri nəticəsində qabaqcadan əlbir olan qrup tərəfindən külli miqdarda saxta aksiz markalarının hazırlanması və istifadəsi, eləcə də insan həyatı və sağlamlığı üçün təhlükəli olan saxta məhsulların istehsalı faktı üzrə Gürcüstanın iki vətəndaşını saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Maliyyə Nazirliyi yayıb.
Nazirliyin məlumatına görə, saxlanılan şəxslər Rustavi şəhəri, Mexişvili küçəsi 6 ünvanında yerləşən “Algani Təhlükəsizlik Şirkəti” MMC-nin ofisində müxtəlif brend adları altında araqlar istehsal edir, eyni zamanda saxta aksiz markaları çap edərək həmin spirtli içkilərin üzərinə yapışdırırdılar. Hazırlanan saxta məhsullar Kvemo Kartli bölgəsində fəaliyyət göstərən satış məntəqələri və ictimai iaşə obyektləri vasitəsilə realizə olunurdu.
Aparılan axtarışlar zamanı ofisdən, ofisin yaxınlığında saxlanılan avtomobildən və ticarət obyektlərindən “Stolichnaya”, “Nemiroff”, “Black Sea”, “Filandia”, “Talka”, “Koskenkorva Vodka”, “Parliament” və “Gray Goose” markaları daxil olmaqla, ümumilikdə 204 şüşə saxta spirtli içki, doldurulmağa hazır 402 ədəd boş şüşə, alkoqol istehsalı və doldurulması üçün nəzərdə tutulan materiallar, 1 053 ədəd saxta aksiz markası, həmçinin saxta aksiz markalarının elektron fayllarının saxlandığı kompüter texnikası götürülüb.
Fakt üzrə Gürcüstan Cinayət Məcəlləsinin 200¹-ci maddəsinin ikinci hissəsi və 197-ci maddəsinin üçüncü hissəsi ilə istintaq aparılır. Sözügedən maddələr 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Maliyyə Nazirliyinin İstintaq Xidməti saxta spirtli içkilərin ticarət obyektlərindən çıxarılması məqsədilə istintaq tədbirlərini fasiləsiz davam etdirir.


