17 
Yan
2026
11:37
252

Besik Donadze: Benzin ucuzlaşarsa, ərzaq qiymətləri də aşağı düşəcək

Ərzaq qiymətləri ilə bağlı danışan “Dəyişikliklər naminə Koalisiya”nın üzvü Besik Donadze bildirib ki, ucuz qiymətlərin formalaşmasının əsas şərti rəqabətdir. Onun sözlərinə görə, rəqabətin və seçim imkanlarının çox olduğu şəraitdə həm keyfiyyət yüksəlir, həm də qiymətlər aşağı düşür.

InterPress.ge xəbər verir ki, Donadze bu fikirləri Radio Palitranın “Sizin vaxtınız” verilişində səsləndirib və vurğulayıb ki, hökumət benzində aksiz vergisini ləğv etməklə ərzaq qiymətlərinin sürətlə aşağı düşməsinə real töhfə verə bilər.

Onun izahına görə, hazırda bir litr benzinin qiymətində 40 tetri aksiz vergisi var və bu verginin ləğvi Gürcüstan parlamenti tərəfindən cəmi üç gün ərzində həyata keçirilə bilər. Aksizin ləğvi benzinin qiymətinin dərhal 40 tetri ucuzlaşmasına gətirib çıxarar. Donadzenin sözlərinə görə, hazırda benzinin litri təxminən 2,5 lari olduğu halda, bu addımdan sonra qiymət 2,1 lariyə düşə bilər. O hesab edir ki, distribütor şirkətlər də bunu nəzərə alaraq, yanacaq xərcləri azaldığı üçün məhsullarının qiymətini operativ şəkildə endirə bilərlər.

Besik Donadze qeyd edib ki, aksizin ləğvi büdcəyə təxminən 370 milyon lari itki yaradar, lakin bu məbləğin kompensasiyası mümkündür. Onun fikrincə, hökumət daha az avtomobil almalı, bununla da yanacaq, texniki xidmət və digər xərcləri azaltmalıdır. O, bu yanaşmanı “kəmərsıxma” deyil, rasional idarəetmə – “kiçik hökumət və az xərclər” prinsipi kimi dəyərləndirib. Donadze əlavə edib ki, nümayəndəlik xərcləri, restoran xərcləri, mükafat və əlavələr, eləcə də dövlət sektorunda çoxsaylı ştatdankənar və partiya fəalları üçün ayrılan vəsaitlər azaldılmalıdır.

Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze 2025-ci il 24 dekabr tarixində bildirib ki, Avropa ilə Gürcüstandakı ərzaq qiymətləri arasındakı böyük fərq distribütor şirkətlər və marketlərin yüksək qiymət artımı ilə bağlıdır və bu artım sərhəddən vitrinədək orta hesabla 86 faiz təşkil edir. Elə həmin gün Dövlət Təhlükəsizliyi Xidməti ərzaq qiymətləri ilə bağlı araşdırmaya başladığını açıqlayıb. 2026-cı il 5 yanvarda isə bu məsələ üzrə hökumət komissiyası yaradılıb.

Bizimlə əlaqə saxlayın