Prokurorluq azyaşlıya qarşı işgəncə və qrup halında zorakılıq faktları üzrə daha dörd nəfərə ittiham irəli sürüb
Tbilisi Prokurorluğunun Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə İdarəsi təşkilatlanmış qrup tərəfindən əvvəlcədən planlaşdırılmaqla azyaşlıya qarşı işgəncə, qarət, qrup halında zorakılığın təşkili və bu əməllərdə iştirak faktları üzrə daha dörd nəfərə ittiham irəli sürüb.
InterPress.ge xəbər verie ki, bu barədə məlumatı Gürcüstan Prokurorluğu yayıb.
Prokurorluğun məlumatına görə, Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, “faşist-nasist” ideologiyasına malik qrupun üzvləri ideoloji baxışlarına uyğun olaraq, onların qəbul etmədiyi həyat tərzinə və identikliyə malik şəxslərə, o cümlədən azyaşlılara qarşı zorakılıq aktları təşkil ediblər.
İstintaq materiallarına əsasən, qrup üzvləri fərqli baxışlara, seksual orientasiya və identikliyə malik şəxsləri aşkar edib “cəzalandırmaq” məqsədilə, dözümsüzlük motivi ilə əvvəlcədən seçilmiş qurbanlara təşkilatlanmış şəkildə və qrup halında hücum ediblər. Onlar zərərçəkənləri alçaldıb, şəxsi əşyalarını əlindən alıb, fiziki və psixoloji zorakılığa məruz qoyub, işgəncə veriblər. Eyni zamanda zorakılıq səhnələrini videoya çəkərək müxtəlif sosial şəbəkələrdə və qapalı qruplarda yayıblar ki, bu da zərərçəkənlərə ciddi fiziki, psixoloji və mənəvi əzablar yaşadıb.
Dörd nəfərə Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin birinci və ikinci hissələri (zorakılıqla müşayiət olunan qrup halında zorakılığın təşkili və bu əməldə iştirak), 178-ci maddənin ikinci hissəsinin “a” və üçüncü hissəsinin “a” bəndləri (əvvəlcədən razılaşma ilə qrup tərəfindən törədilmiş və əhəmiyyətli zərərə səbəb olmuş qarət), eləcə də 144-prima maddəsinin ikinci hissəsinin “z” və üçüncü hissəsinin “b” bəndləri (təşkilatlanmış qrup tərəfindən əvvəlcədən bilə-bilə azyaşlıya qarşı işgəncə) üzrə ittiham irəli sürülüb. Qeyd olunan maddələr Yetkinlik Yaşına Çatmayanların Ədalət Mühakiməsi Məcəlləsinin tələblərinə uyğun olaraq 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bildirilib ki, ittiham olunan dörd nəfərin hamısı digər cinayət işləri üzrə məhkum olunub və hazırda penitensiar müəssisədə cəza çəkirlər. Daxili İşlər Nazirliyində cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq davam etdirilir.
Məlumata görə, təşkilatlanmış qrup tərəfindən əvvəlcədən bilə-bilə azyaşlıya qarşı işgəncə, qarət, qrup halında zorakılığın təşkili və bu əməllərdə iştirak faktları üzrə hazırda ümumilikdə 22 nəfər ittiham olunur.


