Evlənmək məqsədi ilə qız qaçıran şəxslər saxlanıldı
Gürcüstan Daxili İşlər Nazirliyinin Aşağı Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları qabaqcadan əlbir olmuş qrup tərəfindən azadlığın qanunsuz məhdudlaşdırılması və zorlanma ittihamı ilə üç nəfəri saxlayıblar. Saxlanılanlar 1996-cı il təvəllüdlü K.K., 1992-ci il təvəllüdlü S.K. və 1997-ci il təvəllüdlü E.B.-dir.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
Nazirliyin məlumatına görə, istintaqla müəyyən edilib ki, K.K. cinayət niyyəti ilə əlbir olduğu şəxslər — S.K. və E.B. ilə birlikdə guya evlənmək məqsədi ilə 2006-cı il təvəllüdlü qızı zor tətbiq etməklə avtomobilə mindirib, Qardabani bələdiyyəsi ərazisinə aparıb, onu qanunsuz olaraq azadlıqdan məhrum edib və seksual zorakılıq törədib.
Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində təqsirləndirilən şəxsləri cinayətin törədilməsindən qısa müddət sonra, isti izlərlə saxlayıblar.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsi və 137-ci maddəsinin 1-ci hissəsi ilə aparılır. Sözügedən maddələr 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


