Müəllim hazırlığının inteqrə olunmuş bakalavr–magistr proqramı ləğv edilir
Müəllimlərin hazırlanması üzrə inteqrə olunmuş bakalavr–magistr proqramı ləğv olunur və müəllim hazırlığı bakalavr pilləsində həyata keçiriləcək.
InterPress.ge xəbər verir ki, bu, “Ali təhsil haqqında” qanuna planlaşdırılan dəyişikliklər paketində yer alan təşəbbüslərdən biridir və layihə parlamentə Gürcüstanın Təhsil və Elm Nazirliyi tərəfindən təqdim edilib.
Nazirliyin izahına görə, qanundan inteqrə olunmuş bakalavr–magistr müəllim hazırlığı proqramının çıxarılması müəllim hazırlığı sisteminin optimallaşdırılmasına, tələbatyönlü və daha çevik təhsil modellərinin gücləndirilməsinə xidmət edir. Qurum hesab edir ki, bu yanaşma həm ali təhsil müəssisələrinin, həm də potensial tələbələrin maraqlarının daha yaxşı qorunmasına imkan verəcək.
Bildirilib ki, hazırda qüvvədə olan inteqrə olunmuş proqram uzunmüddətli təhsil (ən azı 300 kredit) və yüksək kredit yükü ilə xarakterizə olunur. Bu isə praktikada proqrama marağı və potensial tələbələr üçün əlçatanlığı azaldır, abituriyentlərin seçim imkanlarını məhdudlaşdırır və əmək bazarına daha sürətli inteqrasiya tələblərinə uyğun gəlmir.
Eyni zamanda, qanunun 47²-ci maddəsi ilə tənzimlənən müəllim hazırlığı üzrə təhsil proqramı daha çevik və çoxşaxəli model təqdim edir. Bu proqram bakalavr təhsilinə inteqrə oluna və ya ayrıca həyata keçirilə bilər; artıq bakalavr və ya ona bərabər akademik dərəcəsi olan şəxslər üçün də açıqdır. Nazirliyin fikrincə, bu, müəllim peşəsinə çıxışı genişləndirir və hədəf qrupların əhatəsini artırır.
Qeyd olunur ki, hər iki tənzimləmə eyni məqsədə – müəllim hazırlığına xidmət etsə də, inteqrə olunmuş proqram daha uzun və az çevik model nəzərdə tutur, alternativ proqram isə daha qısa və müxtəlif təhsil trayektoriyalarını mümkün edir. Bu səbəbdən, hər iki mexanizmin paralel mövcudluğu eyni funksiyanın ikili tənzimlənməsinə, resursların səmərəsiz istifadəsinə və sistemin ardıcıl inkişafının çətinləşməsinə gətirib çıxarır.
Məlumata görə, hökumətin qanun layihəsi parlamentdə sürətləndirilmiş qaydada müzakirə olunacaq.


