DİN: Son 24 saatda “oğru dünyası” ilə əlaqəli 45 nəfər saxlanılıb - VİDEO
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları son 24 saat ərzində Tbilisi və regionlarda keçirilən polis əməliyyatları nəticəsində “oğru dünyası” ilə əlaqəli 45 nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Polis Departamentinin direktoru Vaça Siradze brifinqdə məlumat verib.
Onun sözlərinə görə, daha 15 şəxsə ittiham irəli sürüləcək. Onların bir hissəsinə cəzaçəkmə müəssisələrində, bir hissəsinə isə qiyabi qaydada ittiham elan olunacaq. İttiham olunanlar arasında 3 nəfər “qanuni oğru” da var.
Məlumata əsasən, saxlanılan və ittiham olunan şəxslər “oğru dünyasının üzvlüyü”, “oğru dünyasının fəaliyyətinə dəstək”, “oğru dünyasının üzvünə müraciət” və “qanuni oğurluq” maddələri üzrə təqsirləndirilirlər.
Məhkəmə qərarı əsasında intensiv şəkildə aparılan gizli istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslərin və mübahisə edən tərəflərin iştirakı ilə “oğru razborkaları” təşkil olunub. Bu proseslərdə xaricdə olan “qanuni oğrular” – Sulxan Caparidze (Tvalçrelidze) ləqəbi “Suxo” və Petre Bakradze ləqəbi “Paata Tbiliski” də iştirak edib. Onlar vətəndaşlar arasında maliyyə mübahisələrinin həllinə qoşularaq, “oğru ənənələri”nə uyğun şəkildə tərəflərdən birinin xeyrinə qərarlar qəbul ediblər.
İstintaq zamanı, həmçinin, “qanuni oğru” Revaz Ubilava ləqəbi “Cvarski”nin ailə üzvlərinin – anası və qardaşının köməyi ilə “oğru razborkaları” təşkil etdiyi və “oğru qərarları” çıxardığı müəyyən olunub. Polis hər iki şəxsi digər şübhəlilərlə birlikdə saxlayıb.
Axtarışlar zamanı təqsirləndirilən şəxslərin şəxsi və yaşayış yerlərindən sübut kimi kompüter avadanlıqları və mobil telefonlar götürülüb. Həmin vasitələrlə onlar bir-biri ilə, eləcə də xaricdə olan kriminal avtoritetlər və “qanuni oğrular”la əlaqə saxlayıblar. Bundan başqa, müxtəlif növ narkotik maddələr də aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 223-cü prima maddəsinin birinci və ikinci hissələri, 223-cü tersiya maddəsinin ikinci hissəsi və 223-cü kvarta maddəsinin birinci hissəsi üzrə aparılır. Sözügedən maddələr 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Daxili İşlər Nazirliyində bildirilib ki, qurum üçün əsas prioritetlərdən biri mütəşəkkil cinayətkarlığa, xüsusilə də “oğru dünyası” ilə bağlı cinayət fəaliyyətinə qarşı sistemli mübarizədir. İctimai asayişin və təhlükəsizliyin qorunması məqsədilə cinayət törədən hər bir şəxs qanunun bütün sərtliyi ilə cəzalandırılacaq.


