03 
Fev
2026
20:01
314

Parlament “Ümumi təhsil haqqında” qanuna edilən dəyişiklikləri dəstəklədi

Parlament hökumətin məktəblərdə həyata keçirməyi planlaşdırdığı islahatları və bu çərçivədə “Ümumi təhsil haqqında” qanuna ediləcək dəyişiklikləri birinci oxunuşda qəbul edib.

InterPress.ge xəbər verir ki, Təhsil və Elm Nazirliyinin hazırladığı qanun layihəsi 82 deputatın lehinə, 8 deputatın əleyhinə səsi ilə təsdiqlənib.

Layihəyə əsasən, tam ümumi təhsil müddəti minimum 11, maksimum 12 il olacaq. Təhsil pillələri belə bölünür: ibtidai təhsil – 6 il (I–VI siniflər), əsas təhsil – 3 il (VII–IX siniflər), orta təhsil – 2 il (X və XI siniflər) və könüllü əsasda əlavə 1 il – XII sinif.

Şagird XI sinfi bitirdikdən sonra tam ümumi təhsili təsdiq edən attestat alacaq. Könüllü XII sinfi tamamlayan şəxslərə isə 12 illik tam ümumi təhsili təsdiq edən attestat veriləcək. Nazirliyin açıqlamasına görə, XII sinif əlavə akademik hazırlığını gücləndirmək istəyən şagirdlər üçün könüllü olacaq və əvvəlcədən qeydiyyat əsasında təşkil ediləcək.

Dəyişikliklərə əsasən, məktəb dərslikləri üçün qrif verilməsi qaydası ləğv edilir. “Ümumi təhsil haqqında” qanundan dərsliklərin qrifləşdirilməsi ilə bağlı normalar çıxarılır. Məktəblər tədrisi yalnız nazirlik tərəfindən hazırlanmış və ya nazirliklə razılaşdırılmış dərsliklər əsasında aparmalı olacaqlar. Nazirlik dərsliklərin hazırlanmasını, çapını və şagirdlərə pulsuz, müvəqqəti istifadə üçün – dövlət məktəblərinə çatdırılmasını təmin edəcək. Eyni zamanda, dərsliyin qiyməti, satışı, saxlanması və dəyişdirilməsi qaydaları da nazirlik tərəfindən müəyyən ediləcək.

İbtidai təhsil pilləsində şagirdlər üçün məktəb formasının geyinilməsi məcburi olacaq. Formanın nümunəsini Təhsil və Elm Nazirliyi təsdiqləyəcək.

Qanun layihəsində daha bir yenilik ondan ibarətdir ki, nazirlik “Ümumi təhsil haqqında” qanunla müəyyən edilmiş məqsədlərin həyata keçirilməsi üçün sahibkarlıq hüquqi şəxsi və ya qeyri-sahibkarlıq (qeyri-kommersiya) hüquqi şəxsi yarada biləcək. Nazirliyin izahına görə, bu mexanizm ibtidai sinif şagirdlərinin məktəb forması ilə təmin olunmasını asanlaşdıracaq.

Bundan əlavə, nazirlik məktəblərdə şagirdlərin elektron kommunikasiya vasitələrindən, o cümlədən mobil telefonlardan istifadənin ümumi şərtlərini təsdiq etmək səlahiyyəti əldə edəcək.

Qanun layihəsinə əsasən, şagirdə qarşı zorakılıq faktına görə əmək müqaviləsinə xitam verilən müəllimə və ya ümumi təhsil müəssisəsinin digər əməkdaşına 3 il müddətinə ümumi təhsil müəssisələrində işləmək qadağan ediləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər