04 
Fev
2026
12:18
160

Müəllim və məktəb əməkdaşlarının şagirdə qarşı zorakılığına reaksiya qanunla deyil, alt normativ aktla tənzimlənəcək

Parlamentin Təhsil və Elm Komitəsinin iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin ikinci oxunuşu zamanı müəllim və ümumi təhsil müəssisəsinin digər əməkdaşının şagirdə qarşı zorakılığına görə tətbiq edilən məhdudiyyətlə bağlı yanaşmanın dəyişdirilməsi razılaşdırılıb.

InterPress.ge xəbər verir ki, razılaşmaya əsasən, şagirdə qarşı zorakılıq faktına görə əmək müqaviləsinə xitam verilmiş müəllim və ya məktəbin digər əməkdaşının 3 il müddətinə ümumi təhsil müəssisəsində işləməsinin qadağan edilməsi barədə norma qanun mətnindən çıxarılacaq. Sözügedən məsələ qanun əvəzinə Təhsil və Elm Nazirliyinin səlahiyyətinə veriləcək və alt normativ hüquqi aktla tənzimlənəcək.

Komitə iclasında bildirilib ki, məsələ ilə bağlı nazirlikdə müzakirələr aparılıb və qərara alınıb ki, konkret mexanizmlər və tədbirlər daha detallı şəkildə qanunqüvvəli normativ aktda əks olunsun.

Təhsil və elm nazirinin müavini Zviad Qabisonia qeyd edib ki, bu yanaşma həm icranı, həm də monitorinqi daha effektiv edəcək:

“Şagirdə qarşı zorakılıq məsələsi çox həssas mövzudur. Burada cinayət hüququndan yox, inzibati tənzimləmədən söhbət gedir. Məsələnin nazirliyə delegasiya edilməsi daha məqsədəuyğundur. Praktikanı izləyəcəyik və zərurət yaranarsa, dəyişiklikləri operativ şəkildə edəcəyik”.

Qeyd edək ki, məktəblərlə bağlı yeni təşəbbüsləri əhatə edən “Ümumi təhsil haqqında” qanuna dəyişikliklər parlamentdə sürətləndirilmiş qaydada müzakirə olunur. Qanun layihəsi Təhsil və Elm Nazirliyi tərəfindən hazırlanıb.

Bizimlə əlaqə saxlayın