Parlament məktəblərlə bağlı hökumətin təklif etdiyi dəyişiklikləri təsdiqlədi
Parlament məktəblərlə bağlı hökumətin təklif etdiyi dəyişiklikləri dəstəkləyib.
InterPress.ge xəbər verir ki, "Ümumi təhsil haqqında” qanuna dəyişikliklər paketi sürətləndirilmiş qaydada müzakirə olunub və üçüncü oxunuşda 85 səslə (10 əleyhinə) qəbul edilib.
Qanunda edilmiş dəyişikliklərə əsasən, tam ümumi təhsil ən azı 11, ən çoxu 12 ili əhatə edəcək. Təhsil pillələri belə bölünür: ibtidai təhsil (6 il – I–VI siniflər), baza təhsili (3 il – VII–IX siniflər) və orta təhsil (2 il – X və XI siniflər, həmçinin könüllü 1 il – XII sinif).
Şagird 11 siniflik proqramı başa vurduqdan sonra tam ümumi təhsili təsdiq edən sənəd – attestat alacaq. Könüllü XII sinfi bitirənlər isə əlavə olaraq 12 illik tam ümumi təhsili təsdiq edən attestat əldə edəcəklər. Təhsil və Elm Nazirliyinin izahına görə, XII sinif akademik hazırlığını əlavə olaraq möhkəmləndirmək istəyən şagirdlər üçün könüllü olacaq və bu sinfə qəbul əvvəlcədən qeydiyyat əsasında aparılacaq.
Qanunla məktəb dərsliklərinə “qrif” verilməsi qaydası ləğv edilir. “Ümumi təhsil haqqında” qanundan dərsliklərin qrifləşdirilməsi ilə bağlı normalar çıxarılır. Məktəblər ümumi təhsil fəaliyyətini nazirlik tərəfindən hazırlanmış və ya nazirliklə razılaşdırılmış dərsliklər əsasında həyata keçirməlidirlər. Qanunda qeyd olunur ki, nazirlik dərsliklərin hazırlanmasını, çapını və şagirdlərə pulsuz – müvəqqəti istifadəyə verilməsi məqsədilə dövlət məktəblərinə çatdırılmasını təmin edəcək. Nazirlik həmçinin dərsliklərin qiymətini, satışını, saxlanmasını və dəyişdirilmə qaydasını təsdiqləyəcək.
Ümumi təhsilin ibtidai pilləsində şagirdlər üçün məktəbli forması geyinmək məcburi olacaq. Formanın nümunəsini Təhsil və Elm Nazirliyi təsdiqləyəcək.
Daha bir yenilik ondan ibarətdir ki, Təhsil və Elm Nazirliyi “Ümumi təhsil haqqında” qanunda nəzərdə tutulan məqsədlərin həyata keçirilməsi üçün kommersiya və ya qeyri-kommersiya hüquqi şəxs yarada biləcək. Nazirliyin açıqlamasına görə, bu, ibtidai pillədə şagirdlərin məktəbli forması ilə təmin olunmasına imkan verəcək.
Nazirlik bildirir ki, qanunvericiliklə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün tez-tez iqtisadi fəaliyyətlə bağlı tədbirlərin həyata keçirilməsinə ehtiyac yaranır. Buna dərsliklərlə təminat, məktəbli formalarının sifarişi, daşınması, saxlanması və paylanması kimi proseslər daxildir.
Qanun layihəsinə əsasən, Təhsil və Elm Nazirliyi məktəblərdə şagirdlərin elektron kommunikasiya vasitələrindən, o cümlədən mobil telefonlardan istifadənin ümumi şərtlərini müəyyən edəcək.
Dəyişikliklərdə müəllim və təhsil müəssisəsinin digər əməkdaşlarının şagirdə qarşı zorakılığına reaksiya mexanizmi də yer alıb. İlkin variantda şagirdə zorakılığa görə əmək müqaviləsi ləğv edilən müəllim və ya digər əməkdaşın 3 il müddətinə ümumi təhsil müəssisəsində işləməsinin qadağan olunması nəzərdə tutulurdu. Lakin layihənin ikinci oxunuşunda bu norma dəyişdirilib və razılığa gəlinib ki, bu məsələ qanunla deyil, qanunqüvvəli normativ aktla tənzimlənsin.


