Polis iri məbləğdə oğurluqda şübhəli bilinən iki nəfəri saxlayıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Mçxeta–Mtianeti Polis Departamentinin əməkdaşları qabaqcadan əlbir olan qrup tərəfindən iri məbləğdə oğurluq törətməkdə şübhəli bilinən iki şəxsi saxlayıblar. Saxlanılanlar 2006-cı il təvəllüdlü X.B. və 2001-ci il təvəllüdlü G.T.-dir.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Qurumun məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 177-ci və 19–177-ci maddələri üzrə istintaq aparılır. Sözügedən maddələr 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda Mçxeta bələdiyyəsi ərazisində sürətli ödəniş terminallarını qarət edərək, qanunsuz olaraq ümumilikdə 12 min lariyə yaxın məbləği ələ keçiriblər.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində hər iki şəxs təqsirləndirilən qismində saxlanılıb. Şəxsi axtarış zamanı sübut kimi sürətli ödəniş terminallarının oğurlanmasında istifadə olunan müxtəlif növ alətlər götürülüb.


