09 
Fev
2026
15:24
218

Birinci sinfə qəbulun yaş həddi ilə bağlı parlamentə 523 imzalı petisiya təqdim olunub

Birinci sinfə qəbulun yaş həddinin dəyişdirilməsi ilə bağlı Gürcüstan Parlamentinə 523 vətəndaşın imzası ilə petisiya təqdim edilib.

InterPress.ge xəbər verir ki, petisiyaya imza atanlar 2026–2027-ci tədris ili üçün istisnanın tətbiq olunmasını və 2020-ci il sentyabrın 16-dan dekabrın 31-dək doğulmuş uşaqların birinci sinfə qəbuluna icazə verilməsini tələb edirlər.

Parlamentin Prosedur Məsələləri Komitəsi petisiyadakı imzaların həqiqiliyini yoxlayıb və bu gün keçirilən iclasda müəyyən edib ki, 523 imzadan 508-i reqlamentə uyğun şəkildə toplanıb. Bu isə məsələnin baxılması üçün aidiyyəti parlament komitəsinə göndərilməsi deməkdir.

Qeyd edək ki, petisiya parlamentdə ötən həftə qeydiyyata alınıb. Elə həmin həftə sürətləndirilmiş qaydada “Ümumi təhsil haqqında” qanuna dəyişikliklər qəbul edilib. Dəyişikliklərə əsasən, ümumi təhsilin ibtidai pilləsində təhsilə başlama yaşı 6 yaş müəyyən edilib və uşaq bu yaşı sentyabrın 15-dək tamamlamalıdır.

Petisiya müəllifləri bildirirlər ki, yaş həddinin dəyişdirilməsi təşəbbüsü məktəblərə qeydiyyatın başlanmasına az qalmış irəli sürülüb. Halbuki tədris ilinin əvvəlində valideynlər və uşaqlar bağça və ya məktəbəqədər hazırlıq proqramını bitirdikdən sonra birinci sinfə keçidlə bağlı aydın gözləntilərə malik olublar. Bu gözləntilər əsasında uşaqların məktəbə məqsədyönlü hazırlanmasına başlanılıb.

Petisiyada vurğulanır ki, tədris ili davam edərkən qaydaların dəyişdirilməsi artıq akademik və psixoloji baxımdan hazır olan, özlərini gələcək birinci sinif şagirdi kimi görən uşaqlara təsir edir. Tədris prosesinin ortasında məktəbə gedə bilməyəcəklərini öyrənmək, xüsusilə yaşıdlarının əksəriyyətinin məktəbə başladığı şəraitdə, uşaqlarda ciddi psixoemosional stress yaradır və təhsilə motivasiyanı zəiflədir.

Bundan əlavə, məktəbəqədər hazırlıq proqramlarında iştirak edən uşaqların eyni proqramı yenidən keçməli olacağı qeyd edilir ki, bu da onların sosial-emosional və idrak maraqlarının azalması riskini artırır, gələcəkdə birinci sinif materiallarına marağın və motivasiyanın zəifləməsinə səbəb ola bilər.

Petisiyada qeyd olunur ki, 2026–2027-ci tədris ili üçün keçid müddəasının (istisnanın) nəzərdə tutulması ədalətli və proporsional keçidi təmin edər, ilk növbədə uşağın ən yaxşı maraqlarına, psixoemosional rifahına və yaşına uyğun inkişafına xidmət edər.

Petisiya müəllifləri parlamentdən xahiş edirlər ki, 2026–2027-ci tədris ili üçün valideynin qərarı əsasında, könüllü şəkildə, 2020-ci il sentyabrın 16-dan dekabrın 31-dək doğulmuş uşaqlara birinci sinfə qəbul hüququ verilsin və ya məktəbə hazırlıq səviyyəsinin qiymətləndirilməsi mexanizmi tətbiq olunaraq, 2026-cı il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan uşaqların hazırlığı qiymətləndirilsin və nəticəyə uyğun olaraq birinci sinfə qəbul barədə qərar qəbul edilsin.

Bizimlə əlaqə saxlayın