“Transparency International – Georgia”: Gürcüstanın Korrupsiyanın Qavranılması İndeksində göstəricisi 3 bənd azalıb
Transparency International – Georgianın yaydığı məlumata görə, Gürcüstanın Korrupsiyanın Qavranılması İndeksində (CPI) göstəricisi 3 bənd azalaraq 50-yə düşüb.
InterPress.ge xəbər verir ki, təşkilatın açıqladığı 2025-ci il Korrupsiyanın Qavranılması İndeksinə əsasən, bu göstərici Gürcüstan üçün 2013-cü ildən bəri ən aşağı səviyyədir, baxmayaraq ki, ölkə Şərqi Avropa və Mərkəzi Asiya regionunda hələ də lider mövqeyini saxlayır.
Təşkilatın izahına görə, 100 ballıq şkalada 50 orta göstərici hesab olunur. CPI əsasən ölkənin ictimai sektorunun korrupsiyaya nə dərəcədə həssas olduğunu, o cümlədən xırda rüşvətin yayılma səviyyəsini ölçür. Gürcüstanın orta bal alması ölkədə xırda rüşvətin geniş yayılmadığını göstərsə də, indeks dövlətin ələ keçirilməsi və kleptokratiya kimi daha mürəkkəb korrupsiya formalarını ölçmür. Məhz bu sahələr Gürcüstanda əsas problemlər kimi qiymətləndirilir.
Qeyd olunur ki, CPI 181 ölkəni əhatə edir və ölkələr 0-dan 100-ə qədər balla qiymətləndirilir; 100 ən müsbət, 0 isə ən mənfi nəticədir.
2025-ci il nəticələrinin müşayiətçi təhlilinə əsasən, Gürcüstanın balının azalması və korrupsiya risklərinin artması ölkədə demokratiyanın geriləməsi və avtoritar meyillərin güclənməsi ilə birbaşa əlaqələndirilir. Bildirilir ki, hakim partiya tərəfindən qəbul edilən “xarici agentlər” və qrantlar haqqında qanunlar antidemokratik addımlar kimi qiymətləndirilir və qeyri-hökumət təşkilatlarının legitim fəaliyyətini kriminalizə edir.
Açıqlamada həmçinin qeyd olunur ki, fərqli fikirlərə qarşı siyasi motivli cinayət təqibləri, medianın məhdudlaşdırılması, QHT-lərin bank hesablarının dondurulması, eləcə də etirazçı və jurnalistlərə qarşı zorakılıq halları güclənib.
2024-cü ildə mübahisəli seçkilərdən və Avropa İttifaqı ilə inteqrasiya danışıqlarının dayandırılmasından sonra beynəlxalq müşahidəçilər Gürcüstanda avtoritar dönüşdən danışırlar. Bu proses müxalif partiyaların qadağan edilməsi cəhdləri, dövlət qulluğu, polis və məhkəmə üzərində siyasi nəzarətin dərinləşdirilməsi ilə müşayiət olunur ki, bu da korrupsiya risklərini daha da artırır.
“Transparency International – Georgia”nın məlumatına görə, 2012-ci ildən bəri CPI göstəriciləri kəskin şəkildə azalan ölkələrin təxminən üçdə ikisində ifadə, birləşmə və toplaşma azadlıqlarının məhdudlaşdırılması kimi narahatedici tendensiyalar müşahidə olunur.
Təşkilat vurğulayır ki, son on ildə Gürcüstan, İndoneziya, Peru və Tunis kimi ölkələrdə hökumətlər QHT-lərin fəaliyyətinə siyasi müdaxilə edib, maliyyəyə çıxışı məhdudlaşdıran qanunlar qəbul edib və ya hakimiyyəti tənqid edən təşkilatları bağlayıb. Bu proseslər tez-tez böhtan kampaniyaları və təzyiqlərlə müşayiət olunub.
Bildirilib ki, belə şəraitdə müstəqil jurnalistlər, vətəndaş cəmiyyəti təşkilatları və korrupsiya faktlarını ifşa edən şəxslər üçün bu mövzularda sərbəst danışmaq daha da çətinləşir, korrupsiyaya bulaşmış məmurlar tərəfindən səlahiyyətlərdən sui-istifadə riski isə artır.


