BƏT: Gürcüstanda “işləyən yoxsulluq” tarixi minimuma enib
Beynəlxalq Əmək Təşkilatı (ILO) “işləyən yoxsulluq” indeksini açıqlayıb. Bu indeks Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində istifadə olunan göstəricidir və beynəlxalq yoxsulluq həddindən aşağı səviyyədə yaşayan məşğul şəxslərin payını əks etdirir.
ILO-nun qiymətləndirməsinə əsasən, Gürcüstanda 2025-ci ildə məşğul əhali arasında beynəlxalq yoxsulluq həddindən aşağı səviyyədə yaşayanların payı tarixi minimuma enərək 1,4 faiz təşkil edib. Dərc olunan məlumatlara görə, ölkədə işləyən yoxsulluq son iki ildə 2,5 dəfə, 2012-ci illə müqayisədə isə 10 dəfə azalıb.
Təşkilat 2000–2024-cü illəri əhatə edən göstəriciləri də təqdim edib. Məlumata görə, Gürcüstanda işləyən yoxsulluğun kəskin azalması 2012-ci ildən başlayıb. 2000–2003-cü illərdə beynəlxalq yoxsulluq həddindən aşağı səviyyədə olan məşğulların payı orta hesabla 19 faiz olub. 2004–2012-ci illərdə vəziyyət demək olar ki, dəyişməyib və bu dövrdə orta hesabla hər altı məşğuldan biri, yəni 17 faiz, beynəlxalq yoxsulluq həddindən aşağı səviyyədə yaşayıb.
Əsas dönüş 2013–2024-cü illərdə baş verib. Bu dövrdə Gürcüstanda “işləyən yoxsulluq” səviyyəsi orta hesabla 6 faiz təşkil edib. Son – 2025-ci il üzrə qiymətləndirməyə əsasən isə, ölkədə beynəlxalq yoxsulluq həddindən aşağı səviyyədə yaşayan məşğulların payı 1,4 faizə düşüb ki, bu da Gürcüstan üçün yeni tarixi minimum hesab olunur.


