12 
Fev
2026
18:32
179

Aygül İsayeva “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının açılması üçün dövlət qurumlarına müraciət edib

“Maarif” təşkilatının direktoru Aygül İsayeva Gürcüstanda dövlət universitetlərində “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının, eləcə də 1 illik, 60 kreditlik Azərbaycan dili istiqamətinin açılması ilə bağlı dövlət qurumlarına rəsmi müraciət ünvanlayıb.

InterPress.ge xəbər verir ki, müraciət İrakli Kobaxidze, Givi Mikanadze, Şalva Papuaşvili, Parlamentin Təhsil, Elm və Gənclər Komitəsinin sədri Mariam Laşxi və Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani ünvanına göndərilib.

Aygül İsayeva müraciətində bildirib ki, İlya Dövlət Universiteti tərəfindən verilən rəsmi məlumata əsasən, 2005-ci ildə universitet nəzdində fəaliyyət göstərən Azərbaycan dili və ədəbiyyat ixtisası bağlanıb və 2006-cı ildən bu ixtisas üzrə tələbə qəbulu dayandırılıb. Nəticədə artıq 20 ildir ki, Gürcüstanda Azərbaycan dili və ədəbiyyat müəllimləri hazırlanmır.

O qeyd edib ki, bu vəziyyət azərbaycandilli məktəblərdə ciddi kadr çatışmazlığı yaradıb. Müraciətdə vurğulanır ki, hazırda Azərbaycan dilini tədris edən 5 müəllimin ali təhsili yoxdur və onların təhsili yalnız orta məktəb səviyyəsindədir, 87 müəllim isə qeyri-ixtisas fənn müəllimləridir. Yeni kadrların hazırlanmadığı 20 il ərzində məktəb direktorları Azərbaycan dili və ədəbiyyat fənnini ya qeyri-ixtisas müəllimlərinə, ya da orta məktəb məzunlarına həvalə etməyə məcbur qalırlar.

Aygül İsayeva bu vəziyyətin Gürcüstan vətəndaşı olan azərbaycanlıların ana dilində keyfiyyətli təhsil almaq hüquqlarını məhdudlaşdırdığını bildirib. O, sual edib ki, dövlət universitetlərində Azərbaycan dili və ədəbiyyat müəllimləri niyə hazırlanmadığı halda, azərbaycandilli məktəblərin nəzdində gürcü sektorunun açılması üçün vəsait ayrılır.

Müraciətdə həmçinin qeyd olunub ki, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti nəzdində “Ermənişünaslıq” ixtisası fəaliyyət göstərir və bu ixtisası bitirənlər ermənidilli məktəblərdə erməni dili və ədəbiyyatı müəllimi kimi çalışa bilirlər. Həmin ixtisas məzunları sertifikasiya imtahanlarında iştirak edərək “baş müəllim” statusu əldə edir və nəticədə maaşları 2-3 dəfə artır. Azərbaycan dili üzrə isə belə bir ixtisasın olmaması səbəbindən müəllimlər sertifikasiya imtahanlarını uğurla versələr belə, “baş müəllim” statusu ala bilmirlər. Onlar həmçinin “işaxtaran” proqramına qoşula və 1 illik 60 kreditlik proqramda təhsil ala bilmirlər.

Aygül İsayeva müraciətində Gürcüstanın dövlət universitetlərində “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının açılmasına dəstək göstərilməsini xahiş edib. O bildirib ki, proqramın hazırlanması və müəllimlərin işə cəlb olunması prosesində şəxsən iştirak etməyə hazırdır.

Bununla yanaşı, o, “Creativ education” beynəlxalq elmi jurnalında dərc olunmuş empirik məqaləsini də müraciətə əlavə edib. Məqalədə Gürcüstanda Azərbaycan dili ilə bağlı mövcud problemlər və onların həlli yolları geniş şəkildə təhlil olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər