Moldova vətəndaşı külli miqdarda “metadon”la saxlanılıb
Gürcüstanın Daxili İşlər Nazirliyi külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və realizasiyasına şərait yaratmaq ittihamı ilə Moldova vətəndaşının saxlanıldığını açıqlayıb.
InterPress.ge xəbər verir ki bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.
Qurumun məlumatına görə, Acarıstan Polis Departamentinin əməkdaşları 1977-ci il təvəllüdlü Moldova vətəndaşı İ.K.-nı həbs ediblər.
Batumi şəhərində aparılan axtarış zamanı təqsirləndirilən şəxsin üzərinə və müvəqqəti yaşadığı mənzildə satış məqsədilə qablaşdırılmış 61 ədəd “metadon” narkotik vasitəsi maddi sübut kimi götürülüb. Həmçinin mənzildən narkotikin qablaşdırılması üçün nəzərdə tutulmuş materiallar da aşkar edilərək müsadirə olunub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260-cı prim maddələri ilə istintaq aparılır. Qeyd olunan maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


