Aksiz markasız spirtli içki satan Rusiya vətəndaşı saxlanılıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən aparılmış əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində aksiz markası olmadan alkoqollu məhsulun saxlanılması və satışı faktı üzrə Rusiya Federasiyası vətəndaşı saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat verib.
Qurumun yaydığı məlumata görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs maddi gəlir əldə etmək məqsədilə aksiz markasının vurulması məcburi olan “BELUGA” markalı spirtli içkini qanunsuz olaraq saxlayıb və realizə edib.
Şəxs aksizsiz məhsulu satdığı zaman saxlanılıb.
Hazırda cinayətdə mümkün iştirakçı digər şəxslərin müəyyən edilməsi və ifşası istiqamətində istintaq hərəkətləri davam etdirilir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Sözügedən maddə 6 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


