Üç azyaşlı saxlanılıb – mağazalardan məhsul və pul aparıblar
Tbilisidə hüquq-mühafizə orqanlarının əməkdaşları “Nikora-Treyd” şirkətinin filiallarından birindən məhsul və pul aparan üç azyaşlını saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, hər üç azyaşlı hakim qərarı əsasında saxlanılıb.
Məlumata görə, Tbilisi Polis Departamentinin Yetkinlik Yaşına Çatmayanlarla İş üzrə Baş İdarəsinin əməkdaşları oğurluq və qrup halında törədilmiş soyğunçuluq ittihamı ilə 2010-cu il təvəllüdlü L.S., 2008-ci il təvəllüdlü M.X. və 2009-cu il təvəllüdlü D.Q.-nu saxlayıblar.
Saxlanılanlardan biri əvvəllər quldurluğa görə məhkum olunub və soyğunçuluq faktı üzrə ifşa edilib, digər bir azyaşlı isə hüquq-mühafizə orqanları tərəfindən oğurluq faktı ilə bağlı ifşa olunub.
İstintaqla müəyyən edilib ki, azyaşlılar qabaqcadan əlbir olaraq, qanunsuz mənimsəmə məqsədilə Tbilisidə yerləşən “Nikora-Treyd” şirkətinə məxsus filiallardan birindən müxtəlif dəyərdə məhsullar və pul oğurlayıb, hadisə yerindən qaçıblar.
Araşdırma zamanı o da müəyyən olunub ki, saxlanılanlardan biri Tbilisidə yerləşən “Ori Nabiji” mağazalar şəbəkəsinin filiallarından birində qanunsuz olaraq 800 lariyə qədər məbləğə yiyələnib.
Yetkinlik Yaşına Çatmayanlarla İş üzrə Baş İdarənin əməkdaşları operativ-axtarış və istintaq tədbirləri nəticəsində hər üç azyaşlını hakim qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlayıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 178-ci maddəsinin ikinci və üçüncü hissələri, həmçinin 177-ci maddəsinin ikinci hissəsi ilə istintaq aparılır. Bu maddələr 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


