6 ildən artıq yaşı olan avtomobillərin idxalı hansı halda mümkün olacaq? – “Müvafiq sənəd təqdim olunmalıdır”
Gürcüstanda 1 aprel tarixindən etibarən 6 ildən artıq yaşı olan M1 kateqoriyalı minik avtomobillərinin idxalı, ilkin və müvəqqəti qeydiyyatı qadağan edilir.
InterPress.ge xəbər verir ki, məsələ ilə bağlı vətəndaşlar tərəfindən çoxsaylı suallar səsləndirilir. Xüsusilə, son vaxtlar xaricdən avtomobil gətirilməsi proseduruna başlayan şəxsləri maraqlandıran əsas sual odur ki, avtomobil ölkəyə 1 apreldən sonra daxil olarsa, onun qeydiyyatı mümkün olacaqmı?
Hökumətin qərarı ilə bağlı açıqlama verən Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirinin birinci müavini Nino Tandilaşvilinin sözlərinə görə, avtomobili artıq almış və 1 aprelədək Gürcüstan istiqamətində daşınmasına başlamış şəxslər onu adi qaydada qeydiyyatdan keçirə biləcəklər.
“Avtomobili artıq almış və 1 aprelədək onun daşınmasına başlamış vətəndaşlar, o cümlədən 1 apreldən sonra da müvafiq təsdiqedici sənəd təqdim etməklə qeydiyyatı həyata keçirə biləcəklər. Əgər daşınmanın başlanmasını təsdiqləyən sənəd təqdim olunmasa, avtomobilin ölkəyə gətirilməsi mümkün olacaq, lakin onun qeydiyyatı həyata keçirilməyəcək”, – deyə Nino Tandilaşvili bildirib.
Xatırladaq ki, yeni tənzimləmə şəxsi istifadə üçün avtomobil idxal edib qeydiyyatdan keçirmək istəyən vətəndaşlara şamil olunur. Yeni qaydaya əsasən, 1 apreldən sonra ölkədə qeydiyyata alınacaq minik avtomobili iki əsas tələbə cavab verməlidir: onun yaşı 6 ildən artıq olmamalı və “Euro 5” emissiya standartına uyğun olmalıdır. “Euro 5” standartı Gürcüstanda artıq iki ildir qüvvədədir və avtomobillərin buraxdığı zərərli qazların icazə verilən həddini müəyyən edir.
Qadağa reekspota şamil edilmir. Avtomobilin ölkədən çıxarılması və başqa ölkədə satılması əvvəlki qaydada mümkün olacaq. Həmçinin, yeni tənzimləmə artıq daha köhnə və ya aşağı standartlı avtomobillərə sahib olan şəxslərə aid edilmir.


