18 
Fev
2026
11:05
253

Bu gündən birinci sinif şagirdlərinin qeydiyyatı başlayır

Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi 2026-2027-ci tədris ili üçün dövlət məktəblərində birinci sinfə qəbulun tarix və şərtlərini müəyyən edib.

InterPress.ge xəbər verir ki,bu  barədə Təhsil nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı məlumata əsasən, birinci sinfə qeydiyyat 18 fevral 2026-cı ildən başlayacaq və mərhələli şəkildə həyata keçiriləcək.

Qeydiyyatın I mərhələsi 18 fevraldan 2 martadək davam edəcək və bu dövrdə xüsusi təhsil ehtiyacı olan uşaqlar məktəblərə qeydiyyatdan keçiriləcəklər. Valideynlər istədikləri dövlət məktəbinə ərizə ilə müraciət etməli, məktəb administrasiyası isə uşağı EMIS sistemində qeydiyyata almalıdır. Xüsusi təhsil ehtiyacının təsdiqi üçün uşağın psixo-pedaqoji qiymətləndirilməsi aparılacaq və müvafiq rəy əsasında şagird məktəbə qəbul ediləcək. Bu mərhələdə qeydiyyatdan keçən uşaqlar üçün sənədlərin təqdim olunması və məktəbə qəbul prosesi 4 martdan 17 aprelədək davam edəcək.

Xüsusi təhsil ehtiyacı olan şagirdlər sırasına fiziki məhdudiyyəti, intellektual və ya öyrənmə pozuntusu, eşitmə və görmə problemləri, nitq inkişafı pozuntusu, davranış və emosional çətinlikləri, autizm spektri, uzunmüddətli hospitalizasiya ehtiyacı və ya sosial səbəblərdən təhsil proqramını mənimsəməkdə çətinlik çəkən uşaqlar daxil edilə bilər.

II mərhələ 21 aprel–8 may tarixlərini əhatə edəcək. Bu mərhələdə bacı-qardaşı həmin məktəbdə oxuyan, valideyni həmin məktəbdə çalışan və ya ailədən eyni vaxtda iki və daha çox uşaq birinci sinfə gedən şagirdlər qeydiyyatdan keçiriləcək.

III mərhələ – “ərazi prinsipi üzrə qeydiyyat” 15–25 may tarixlərində onlayn qaydada registration.emis.ge portalı vasitəsilə həyata keçiriləcək. Bu mərhələnin məqsədi şagirdlərin yaşayış yerinə yaxın dövlət məktəbinə qəbul imkanlarını artırmaqdır. Elektron qeydiyyatdan keçən şagirdlər üçün sənədlərin qəbulu 27 may–12 iyun tarixlərində aparılacaq.

IV mərhələ – ümumi onlayn qeydiyyat 15 iyun–3 iyul tarixlərində keçiriləcək. Sənədlər 6–17 iyul tarixlərində təqdim olunmalıdır. Müəyyən edilmiş müddətdə sənədlər təqdim edilmədikdə qeydiyyat avtomatik ləğv olunacaq.

V mərhələ 20–31 iyul tarixlərini əhatə edəcək və əvvəlki mərhələlərdə qeydiyyatdan keçə bilməyən və ya məktəbi dəyişmək istəyən şagirdlər üçün nəzərdə tutulub.

Birinci sinfə qəbul üçün tələb olunan sənədlərə valideynin ərizəsi, şəxsiyyət vəsiqəsinin surəti, yaşayış icazəsi sənədi (mövcud olduqda), eləcə də uşağın doğum haqqında şəhadətnaməsinin və ya şəxsiyyət sənədinin surəti daxildir. Xarici dildə təqdim olunan sənədlər qanunvericiliyə uyğun qaydada gürcü dilinə tərcümə edilməlidir.

Nazirliyin məlumatına görə, “Ümumi təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən, 2026-2027-ci tədris ilində birinci sinfə 15 sentyabr tarixinədək 6 yaşı tamam olan uşaqlar qəbul edilə biləcəklər.

Bildirilib ki, ərazi prinsipi üzrə qeydiyyat mərhələsi Tbilisi, Kutaisi, Batumi, Rustavi, Poti, Zuqdidi, Telavi, Ambrolauri, Axalsixe, Ozurgeti, Mçxeta və Qori şəhərlərini əhatə edəcək. Tbilisidə inzibati sərhədlərə yaxın yaşayan şagirdlər yaşayış yerindən 1 kilometrdən artıq olmayan qonşu məktəblərə də müraciət edə biləcəklər.

Nazirlik valideynləri qeydiyyat tarix və şərtləri ilə diqqətlə tanış olmağa və uşaqların məktəbə qəbulunu vaxtında həyata keçirməyə çağırıb.

Bizimlə əlaqə saxlayın