Prokurorluq Eliso Kiladzeni “çağrı mərkəzi” işi üzrə həbs edib
Gürcüstan Prokurorluğu jurnalist Eliso Kiladzeni qondarma çağrı mərkəzi işi üzrə həbs edib.
InterPress.ge xəbər verir ki,bu barədə Baş Prokurorluqda keçirilən brifinqdə prokuror Mixeil Sadradze məlumat verib.
Onun sözlərinə görə, eyni iş çərçivəsində Gürcüstanın sabiq baş prokuroru Otar Partsxaladzeyə, habelə onun cinayətkar qrupunun üzvləri David Mikadze, İrakli Sexniaşvili və Mixeil Çoxeliyə ittiham qiyabi qaydada irəli sürüləcək. Digər təqsirləndirilən şəxs – hazırda başqa cinayət işi üzrə cəzaçəkmə müəssisəsində saxlanılan Qiorqi Mikadzeyə isə ittiham şəxsən təqdim olunacaq.
Mixeil Sadradzenin bildirdiyinə görə, 2020–2023-cü illərdə Otar Partsxaladzenin himayəsi altında fəaliyyət göstərən mütəşəkkil cinayətkar qrup Gürcüstanda bir neçə hüquqi şəxs yaradaraq Tbilisidə müxtəlif ünvanlarda saxta kol-mərkəzlər qurub. Bu mərkəzlər rus, ingilis və alman dilli bölmələr vasitəsilə xarici vətəndaşları saxta investisiya platformalarına cəlb edib, böyük məbləğdə vəsait və kriptovalyutanı dələduzluq yolu ilə ələ keçiriblər.
İstintaqın məlumatına əsasən, qrup üzvləri 200-dən çox xarici vətəndaşa məxsus təxminən 9,5 milyon ABŞ dolları dəyərində kriptovalyutanı mənimsəyiblər. Qanunsuz gəlirlərin leqallaşdırılması məqsədilə vəsaitlər müxtəlif kripto-cüzdanlar vasitəsilə bölüşdürülüb, konvertasiya edilərək nağdlaşdırılıb və daşınar-daşınmaz əmlakın alınmasına yönəldilib.
Prokurorluğun məlumatına görə, Eliso Kiladze kol-mərkəzlərin ifşa olunması riski yarandıqda müxtəlif media platformalarında məlumat yaymaqla cinayət fəaliyyətinin qanuni kimi təqdim edilməsinə kömək edib. Həmçinin onun rəqib kol-mərkəzlər barədə məlumatların yayılması, şantaj və təzyiq mexanizmlərində iştirak etdiyi iddia olunur.
İş üzrə ümumilikdə 10 nəfərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci (dələduzluq) və 194-cü (çirkli pulların yuyulması) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələr 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokurorluq Eliso Kiladze, Qiorqi Mikadze və axtarışda olan digər təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi, istintaqla əməkdaşlıq edən şəxslər – Qivi Ciblidze, Ben Anor, Tornike Canelidze və Qiorqi Kamladzeyə isə girov qətimkan tədbirinin tətbiqi üçün məhkəməyə müraciət edəcək.
Faktla bağlı istintaq və beynəlxalq əməkdaşlıq davam etdirilir.


