Azyaşlıya qarşı əxlaqsız hərəkətlərdə təqsirləndirilən şəxs saxlanılıb
Tbilisi Polis Departamentinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə Baş İdarəsinin əməkdaşları azyaşlıya qarşı törədilmiş əxlaqsız hərəkətlər ittihamı ilə 1995-ci il təvəllüdlü B.B.-ni saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.
Qurumun bildirdiyinə əsasən, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qonşuluqda yaşayan, 2015-ci il təvəllüdlü azyaşlıya sistematik şəkildə seksual xarakterli qısa mesajlar göndərib. B.B. azyaşlını eyni məzmunlu fotoşəkil göndərməyə razı salıb. İş materiallarına görə, o, həmçinin qıza cinsi əlaqə təklif edib.
Keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları B.B.-ni təqsirləndirilən şəxs qismində saxlayıblar.
Sübut kimi təqsirləndirilən şəxsin mobil telefonu götürülüb. O, həmin telefon vasitəsilə azyaşlıya seksual xarakterli mesajlar göndərib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 141-ci maddəsinin birinci hissəsi ilə istintaq aparılır. Sözügedən maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


