DTX son bir gün yarım ərzində onlarla saxlanılanın olduğunu açıqladı
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) son bir yarım gün ərzində ölkənin müxtəlif regionlarında keçirdiyi bir neçə əməliyyat nəticəsində 13 müxtəlif cinayət işi üzrə 29 nəfər saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.
InterPress.ge xəbər verir ki, bu barədə DTX rəisinin birinci müavini Laşa Mağradze qurumda keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, Əks-kəşfiyyat və Xüsusi Əməliyyatlar Departamentlərinin əməkdaşlarının birgə keçirdiyi tədbir nəticəsində Kutaisidə nüvə və radioaktiv maddələrin qanunsuz əldə edilməsinə cəhd edən iki xarici ölkə vətəndaşı saxlanılıb. Bildirilib ki, onlar üç milyon ABŞ dolları müqabilində uran nüvə materialı və “Sezium-137” radioaktiv maddəsini qanunsuz əldə etməyi və başqa ölkəyə daşınmasını planlaşdırıblar. Faktla bağlı Cinayət Məcəlləsinin 19-230-cu maddəsinin birinci hissəsi ilə istintaq aparılır.
Paralel şəkildə həyata keçirilən antikorrupsiya tədbirləri nəticəsində qanunsuz ağac kəsimi, vəzifə səhlənkarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə faktları üzrə 12 nəfər məsuliyyətə cəlb edilib. Onlar arasında Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Meşə Agentliyinin İmereti Meşə Xidmətinin keçmiş əməkdaşları da var.
Bundan əlavə, Batumi və Laqodexi bələdiyyəsində rüşvət alma faktları üzrə iki nəfər saxlanılıb. Həmçinin tikinti əmsalının qanunsuz artırılması (K2 əmsalı), dövlət torpaqlarının qanunsuz özəlləşdirilməsi və tender şərtlərinin süni şəkildə uyğunlaşdırılması faktları üzrə bir neçə nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Laşa Mağradze qeyd edib ki, “orta səviyyəli korrupsiya” hələ də ciddi çağırış olaraq qalır və qurum bununla barışmaq niyyətində deyil. O, vətəndaşları hüquq-mühafizə orqanları ilə əməkdaşlığa çağırıb və qanun pozuntularına qarşı sərt hüquqi tədbirlərin görüləcəyini vurğulayıb.
DTX rəisinin müavini əlavə edib ki, son aylarda həyata keçirilən islahatlar nəticəsində qurumun analitik və operativ imkanları əhəmiyyətli dərəcədə gücləndirilib və son altı ayda işlənib hazırlanmış operativ məlumatların həcmi təxminən 24 dəfə artıb.


