DTX Kutaisidə nüvə və radioaktiv maddələrin qanunsuz əldə edilməsinə cəhd edən iki xarici vətəndaşı saxlayıb
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Kutaisidə nüvə və radioaktiv maddələrin qanunsuz əldə edilməsinə cəhd faktı üzrə iki xarici ölkə vətəndaşını saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə DTX rəisinin birinci müavini Laşa Mağradze qurumda keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, saxlanılan şəxslər üç milyon ABŞ dolları müqabilində uran nüvə materialını və “Sezium-137” radioaktiv maddəsini qanunsuz əldə etməyi, eləcə də həmin maddələri başqa ölkənin ərazisinə qeyri-qanuni şəkildə daşımağı planlaşdırıblar.
Laşa Mağradze bildirib ki, cinayətkar planın həyata keçirilməsi məqsədilə xarici ölkə vətəndaşları son həftələr ərzində mütəmadi olaraq Gürcüstana gəliblər və nüvə materialı ilə radioaktiv maddənin əldə olunması və daşınması üçün əlverişli şərait yaratmağa çalışıblar.
Qurum nümayəndəsi qeyd edib ki, bu tip maddələr adətən müxtəlif cinayətkar, o cümlədən terror məqsədləri üçün istifadə olunur.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-230-cu maddəsinin birinci hissəsi ilə aparılır.


