Prokurorluq rüşvət alma faktları üzrə iki vəzifəli şəxsə ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu rüşvət alma faktları ilə bağlı iki nəfərə ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki,bu barədə məlumatı Prokurorluq yayıb.
İstintaqın məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilib ki, Batumi meriyasının 100 faiz pay iştirakı ilə təsis edilmiş “Sandasuftaveba” MMC-nin kommersiya gəlirləri və iqtisadi idarəetmə xidmətinin rəhbəri şirkətin balansında olan yük avtomobillərindən sistemli şəkildə qeyri-rəsmi istifadəyə şərait yaratmaq müqabilində pul vəsaitini rüşvət qismində alıb.
Həmçinin müəyyən edilib ki, Laqodexi bələdiyyəsi merinin nümayəndəsi, məhkum barəsində hökm ilə təyin olunmuş ictimai iş cəzasının icrasını təmin etmək və nəzarət etmək öhdəliyi daşıdığı halda, cəzadan yayınmaq üçün məhkumdan rüşvət qismində 1000 lari alıb.
“Tutulan şəxslərə Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi (rüşvət alma) ilə ittiham irəli sürülüb. Bu maddə altı ildən doqquz ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxslər barəsində qətimkan tədbiri qismində həbs seçilməsi ilə bağlı vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.
Dövlət Təhlükəsizliyi Xidmətində cinayətlə əlaqəsi ola biləcək bütün mümkün şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq davam edir”, – deyə məlumatda bildirilir.


