Avtomobillə qəsdən tanışını vuran şəxs saxlanıldı
Kaxeti Polis Departamentinin Telavi Rayon İdarəsi və Patrul Polisi Departamentinin Kaxeti Baş İdarəsinin əməkdaşları 1996-cı il təvəllüdlü D.V.-ni qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə saxlayıblar.
InterPress.ge xəbər verir ki bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.
İstintaqla müəyyən edilib ki, Telavi şəhərində spirtli içkinin təsiri altında olan təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə münaqişə zəminində tanışı – 1993-cü il təvəllüdlü N.A.-nı qəsdən vurub. Bundan sonra o, avtomobillə hadisə yerini tərk edib.
Toqquşma nəticəsində xəsarət alan şəxsə tibbi yardım göstərilməsi məqsədilə o, klinikaya yerləşdirilib. Bildirilir ki, zərərçəkənin həyatına təhlükə yoxdur.
Hüquq-mühafizə orqanları tərəfindən keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxs Telavi–Kvareli avtomobil yolunun yaxınlığında gizlənməyə cəhd göstərərkən isti izlərlə saxlanılıb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


