Polis əməliyyatı: qanunsuz silah və sursat aşkarlanıb, 3 nəfər saxlanılıb
İmereti Polis Departamentinin əməkdaşları odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamı ilə Kutaisi, Bağdati və Vani şəhərlərində müxtəlif vaxtlarda 3 nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, saxlanılan şəxslərin üzərində, yaşayış evlərində, yardımçı tikililərdə və avtomobilində aparılan axtarış zamanı maddi sübut kimi odlu silahlar, döyüş sursatı və partlayıcı qurğu götürülüb. Onların arasında avtomatik silah, tapança, kiçikçaplı tüfəng, 100-ə yaxın patron, daraq və əl qumbarası da var.
Saxlanılan şəxslərdən birinin yaşayış evində aparılan axtarış zamanı narkotik vasitə də aşkarlanaraq götürülüb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı və 260-cı maddələri ilə aparılır. Sözügedən maddələr 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


