22 
Fev
2026
20:22
357

İlia Dövlət Universitetinin qarşısında etiraz aksiyası keçirilir

Tbilisidə, İlia Dövlət Universitetinin A korpusu qarşısında “İliaUni-ni müdafiə edirik” şüarı ilə etiraz aksiyası keçirilir.

InterPress.ge xəbər verir ki, aksiyada iştirak edən professor-müəllim heyəti və tələbələr Təhsil Nazirliyinin dövlət universitetləri arasında kvotaların bölüşdürülməsi ilə bağlı qəbul etdiyi qərara etiraz edirlər.

Etirazçılar “Təhsili qoru”, “İliaUni-ni müdafiə edirəm”, “Ölkəmizə Avropa təcrübəsi, elm və təhsil lazımdır” şüarları yazılmış plakatlar nümayiş etdirirlər. Aksiya iştirakçılarının əlində Gürcüstan bayraqları da var.

Məlumata görə, təhsil naziri hansı dövlət universitetinin hansı fakültələr üzrə qəbul elan edəcəyini açıqlayıb və universitetlərin qəbul edəcəyi tələbə sayı müəyyənləşdirilib.

Belə ki, 2026–2027-ci tədris ili üçün Tbilisi Dövlət Universitetində mövcud proqramlar üzrə ümumilikdə 6650 tələbə qəbulu nəzərdə tutulur.

Gürcüstan Texniki Universitetində növbəti tədris ili üçün 3880 yer ayrılıb, İlia Dövlət Universiteti isə mövcud proqramlar üzrə cəmi 300 tələbə qəbul edə biləcək.

Bildirilib ki, Tbilisi Dövlət Universitetində dəqiq və təbiət elmləri, humanitar elmlər (pedaqogika istisna olmaqla), hüquq, iqtisadiyyat və biznesin idarə olunması, sosial və siyasi elmlər üzrə qəbul aparılacaq.

Gürcüstan Texniki Universitetində qəbul mühəndis-texniki ixtisaslar üzrə elan olunacaq. Tbilisi Dövlət Tibb Universitetində qəbul tibb ixtisasları üzrə həyata keçiriləcək. İlia Dövlət Universitetində isə pedaqogika proqramları və ABET akkreditasiyalı STEM ixtisasları üzrə qəbul aparılacaq.

Suxumi Dövlət Universitetində aqrar ixtisaslar, gürcü-abxaz dili və ədəbiyyatı, həmçinin pedaqogika üzrə qəbul nəzərdə tutulur. İncəsənət və İdman universitetləri müvafiq ixtisaslar üzrə tələbə qəbul edəcək.

Batumi və Kutaisi universitetləri çoxfunksiyalı profilini saxlayacaq. Zuqdidi, Qori, Axaltsixe və Telavi universitetlərində isə əsas diqqət aqrar ixtisaslara, turizm və pedaqogika istiqamətlərinə yönəldiləcək.

Hazırkı mərhələdə hökumətin təsdiqlədiyi qərara əsasən, aqrar istiqamət müvəqqəti olaraq Gürcüstan Texniki Universitetində qalır və qəbul həmin universitetin adı ilə elan ediləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər