23 
Fev
2026
11:28
199

Polis 28 kiloqrama yaxın “metadon” aşkarlayıb – bu, indiyədək ən böyük həcmdir

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları 28 kiloqrama yaxın “metadon” narkotik vasitəsini aşkar edərək götürüblər.

InterPress.ge xəbər verir ki, bu barədə Acarıstan Polis Departamentinin direktoru Qiorqi Buxraşvili keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, bu, polis tərəfindən indiyədək müsadirə edilmiş ən böyük “metadon” partiyasıdır.

Bildirilib ki, son günlər Tbilisi və regionlarda mütəşəkkil cinayətkarlığa qarşı keçirilən əməliyyat tədbirləri nəticəsində kustar üsulla fəaliyyət göstərən narkolaboratoriya, narkotik vasitələrin kultivasiyası üçün nəzərdə tutulmuş 3 istixana və rekord həcmdə – 28 kiloqrama yaxın “metadon” aşkarlanıb. Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.

Narkotik cinayətləri ilə bağlı saxlanılan şəxslərin üzərində və yaşayış evlərində aparılan axtarışlar, həmçinin istintaq eksperimenti zamanı onların göstərdiyi ünvanlardan satış üçün hazırlanmış narkotik vasitələr və qablaşdırma materialları götürülüb.

Əməliyyat məlumatları əsasında aparılan istintaq tədbirləri nəticəsində Tbilisi və regionlarda müxtəlif ünvanlarda yerləşən mənzillərdə narkolaboratoriyalar aşkarlanıb. Bildirilib ki, həmin yerlərdə müxtəlif növ narkotik və psixotrop maddələr kustar üsulla hazırlanıb. Eyni zamanda xüsusi qurulmuş istixanalarda xüsusilə külli miqdarda “kannabis”in qanunsuz əkilməsi və becərilməsi faktları müəyyən edilib. Polis narkotiklərin yetişdirilməsi üçün istifadə olunan avadanlıqları və ehtimal edilən satışdan əldə edilmiş pul vəsaitlərini maddi sübut kimi götürüb.

Bundan əlavə, əməliyyat çərçivəsində odlu silahlar, avtomatik silahlar və döyüş sursatı da aşkar edilərək müsadirə olunub.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236, 260, 260¹, 261, 262, 263 və 265¹-ci maddələri ilə aparılır. Sözügedən maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Daxili İşlər Nazirliyi narkotik cinayətlərində iştirak edən şəxslərin aşkar olunması və qanunun bütün sərtliyi ilə cəzalandırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər