Kobaxidze: “Vətəndaşlarımızın əmək maraqlarını qorumalıyıq”
Hökumətin əcnəbilərə əmək fəaliyyəti hüququnun verilməsi qaydasının təsdiqi ilə bağlı qərarı Gürcüstan vətəndaşlarının, o cümlədən onların əmək maraqlarının qorunmasına yönəlib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze bildirib.
Baş nazirin sözlərinə görə, bu, öz vətəndaşlarının maraqlarını qoruyan hər bir ölkədə tətbiq olunan praktikadır.
“Biz vətəndaşlarımızın maraqlarını, o cümlədən əmək maraqlarını qorumalıyıq. Bu, vətəndaşlarının maraqlarına həssas yanaşan istənilən ölkədə qəbul olunmuş praktikadır. Xarici vətəndaşların hansı sahələrdə işləyə biləcəyini və harada bunun məqsədəuyğun olmadığını müəyyən etdik. Bu, vətəndaşlarımız üçün əmək bazarında artıq rəqabətin yaranmaması baxımından vacibdir”, – deyə Kobaxidze bildirib.
Onun sözlərinə görə, bəzi sahələr üzrə sıfır kvota müəyyən edilib ki, bu da həmin istiqamətlərdə Gürcüstan vətəndaşlarına heç kimin rəqabət apara bilməyəcəyi deməkdir.
“Qərarda kvotalar müəyyən edilib. Konkret hallarda sıfır kvota tətbiq olunub, bu isə o deməkdir ki, həmin sahələrdə vətəndaşlarımız məşğulluq baxımından rəqabətlə üzləşməyəcək. Düşünürəm ki, vətəndaşlarımızın əmək maraqlarını maksimum dərəcədə qorumağa nail olduq”, – deyə baş nazir qeyd edib.
Xatırladaq ki, hökumətin qərarına əsasən, kuryer xidməti və sərnişindaşıma fəaliyyəti üzrə əcnəbilər üçün illik kvota 0 müəyyən edilib. Qərar 20 fevral tarixi ilə imzalanıb və 2026-cı il martın 1-dən qüvvəyə minəcək.
Sənədə əsasən, illik kvotalar aşağıdakı kimi müəyyən edilib:
• Kuryer xidməti üzrə əmək/sahibkarlıq fəaliyyəti – 0;
• Sərnişindaşıma fəaliyyəti – 0;
• Turistlər üçün bələdçi xidməti – 0;
• Turistlər üçün dağ, alpinizm və xizək bələdçiliyi xidməti – 200.


