23 
Fev
2026
13:44
416

1 maydan etibarən işəgötürənlər üçün yeni öhdəliklər qüvvəyə minir

Gürcüstan hökumətinin qərarına əsasən, 1 maydan etibarən əmək miqrantları və özünüməşğul əcnəbilərə əmək fəaliyyəti hüququnun verilməsi qaydasında dəyişikliklər qüvvəyə minir.

InterPress.ge xəbər verir ki, yeni qaydalara görə, yerli işəgötürənlər üçün bir sıra öhdəliklər müəyyən edilib.

Qərara əsasən, işəgötürən əcnəbini işə qəbul etməzdən ən azı 10 iş günü əvvəl vakansiyanı Əmək Bazarının İdarəetmə İnformasiya Sistemində – www.worknet.moh.gov.ge portalında yerləşdirməlidir.

Əgər 10 iş günü ərzində agentlik tərəfindən vakansiyanın tələblərinə uyğun yerli namizəd tapılmasa və işəgötürənə təqdim edilməzsə, yalnız bundan sonra işəgötürən əcnəbi üçün əmək fəaliyyəti hüququnun alınması məqsədilə müraciət edə bilər.

Qərarda qeyd olunur ki, əgər işəgötürən agentlik tərəfindən təklif edilən namizədi qəbul etməkdən imtina edərsə, seçim prosesinin başa çatmasından sonra 3 iş günü ərzində bu barədə elektron qaydada agentliyə məlumat verməli və imtinanın səbəblərini əsaslandırmalıdır. Agentlik isə 3 iş günü müddətində təqdim olunan əsasları nəzərdən keçirərək prosesin davam etdirilməsi və ya dayandırılması barədə qərar qəbul edir və bunu işəgötürənə elektron formada bildirir.

Müsbət qərar olduğu halda, işəgötürən www.labourmigration.moh.gov.ge elektron sistemi vasitəsilə müvafiq ərizə və tələb olunan sənədləri təqdim etməlidir.

Agentlik əmək fəaliyyəti hüququnun verilməsi proseduruna yalnız ərizə və sənədlər tam təqdim edildikdən sonra başlayır və qərar 30 təqvim günündən gec olmayaraq qəbul edilir.

Qayda Gürcüstanda daimi yaşayış icazəsi olmayan və yerli işəgötürənlə əmək müqaviləsi bağlamaq və ya maliyyə gəliri əldə etmək məqsədilə özünüməşğul fəaliyyət göstərmək istəyən əcnəbilərə şamil edilir.

Sənədə əsasən, artıq özünüməşğul olan əcnəbilər üçün yeni tənzimləmə 2026-cı il 1 maydan qüvvəyə minəcək. Aktiv qeydiyyatı olan əmək miqrantları isə 2027-ci il 1 yanvaradək əmək fəaliyyəti hüququnu və müvafiq yaşayış icazəsini əldə etməlidirlər.

Hökumətin qərarına əsasən, əmək fəaliyyəti hüququ Məşğulluğun Dəstəklənməsi Dövlət Agentliyi tərəfindən veriləcək.

Xatırladaq ki, 2026-cı il 1 martdan etibarən Gürcüstanda əcnəbilərin məşğulluq qaydalarında dəyişikliklər tətbiq olunur. Qərara əsasən, daimi yaşayış icazəsi olmayan xarici vətəndaşların kuryer xidməti, sərnişindaşıma və turistlər üçün bələdçi xidməti sahələrində çalışması qadağan edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər