Papuashvili: Sosial bazanın obyektiv qiymətləndirilməsi aparılacaq, qərarlar fərdi yanaşma ilə veriləcək
Sosial cəhətdən həssas ailələrin bazası obyektiv şəkildə qiymətləndiriləcək və bütün qərarlar fərdi yanaşma əsasında qəbul olunacaq.
InterPress.ge xəbər verir ki, bu barədə parlament sədri Şalva Papuaşvili bildirib.
Parlament sədrinin sözlərinə görə, sosial siyasətdə bərabərlik prinsipi xüsusi əhəmiyyət daşıyır.
“Faktdır ki, sosial cəhətdən həssas ailələrin bazasında müxtəlif maddi imkanlara malik şəxslər də yer alıb. Səhiyyə Nazirliyi bu məsələ ilə məşğul olacaq. Hər bir hal detallı və fərdi şəkildə qiymətləndiriləcək və qərarlar da fərdi yanaşma əsasında veriləcək. Avtomobil və müxtəlif əmlak əldə etmiş şəxslərlə bağlı nümunələri gördünüz. Bu, həqiqətən sosial yardıma ehtiyacı olan insanlara qarşı ədalətsizlikdir. Baza tam şəkildə obyektiv qiymətləndiriləcək”, – deyə Papuaşvili bildirib.
O, həmçinin əcnəbilərə əmək fəaliyyəti hüququnun verilməsi qaydasının təsdiqi ilə bağlı hökumət qərarına da münasibət bildirib. Onun sözlərinə görə, əsas məqsəd mövcud iş yerlərindən ilk növbədə Gürcüstan vətəndaşlarının yararlanmasını təmin etməkdir.
“Bu məsələ ilə bağlı cəmiyyət də danışırdı. O cümlədən bələdçilər bizimlə əlaqə saxlamışdılar və bildirirdilər ki, vətəndaşlığı olmayan şəxslər tərəfindən bazarda sıxışdırılırlar. Eyni hal sərnişindaşıma və kuryer xidmətinə də aiddir. Bizim üçün vacibdir ki, Gürcüstan vətəndaşları məşğul olsunlar. İş yerləri mövcuddur və öncəliklə bu imkanlardan Gürcüstan vətəndaşları istifadə etməlidirlər”, – deyə o qeyd edib.
Xatırladaq ki, hökumətin qərarına əsasən, bələdçi xidməti, kuryer fəaliyyəti və sərnişindaşıma sahələrində daimi yaşayış icazəsi olmayan əcnəbilər üçün sıfır kvota müəyyən edilib. Qərar 2026-cı il martın 1-dən qüvvəyə minəcək.


