Anasını güllələyən şəxs saxlanılıb
Ailə üzvünə qarşı qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə bir nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları 1986-cı il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş K.M.-ni saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs yaşayış evində istiqamətsiz şəkildə bir neçə dəfə atəş açıb. Nəticədə onun anası – 1965-ci il təvəllüdlü T.L. yaralanıb. Yaralı qadın tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində K.M. təqsirləndirilən şəxs qismində tutulub. Polis iki ədəd qeydiyyatsız odlu silahı, daraqları və patronları maddi sübut kimi götürüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11 prima 117-ci və 236-cı maddələri ilə istintaq aparılır. Həmin maddələr 13 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


