“İmedi” öz bankını yaradacağını elan edib
Böyük Britaniya tərəfindən POSTV ilə birlikdə sanksiyaya məruz qalan “İmedi” telekanalı öz bankını yaradacağını açıqlayıb.
InterPress.ge-nin məlumatına görə, telekanalın yaydığı bəyanatda bildirilir ki, “İmedi” holdinqinin yeni təsisçiləri telekanalın sadiq dostları və sponsorlarının maliyyə dəstəyi ilə qısa müddətdə – bir neçə ay ərzində “İmedi Bankı” adlı bank yaradacaqlar.
Bəyanatda qeyd olunur ki, “İmedi” üçün yeganə dəyərli qiymətləndirmə gürcü xalqının etimadıdır və məhz bu etimad sayəsində telekanal ölkədə ən yüksək reytinqə malikdir.
“Bizə qarşı irəli sürülən ittihamlar və yaradılan süni ajiotaja baxmayaraq, tamaşaçılarımıza bildirmək istəyirik ki, ‘İmedi’nin heç bir, o cümlədən maliyyə problemi olmayacaq. Heç vaxt reklam və ya investisiya cəlb etməkdə çətinlik yaşamamışıq. Son günlər bizə həmrəylik göstərən və maliyyə dəstəyini davam etdirəcəyini bəyan edən şirkət və təşkilatlara təşəkkür edirik. O cümlədən bir neçə bank mümkün çətinliklərə baxmayaraq telekanala bank xidməti göstərməyə hazır olduğunu bildirib”, – deyə açıqlamada bildirilir.
Telekanal qeyd edir ki, tərəfdaş şirkətlərin mümkün risklərini – istər anti-piar, istər maliyyə çətinlikləri və digər təzyiqləri – nəzərə alaraq onları zərbə altına qoymaq istəmirlər.
Bəyanatda həmçinin vurğulanır ki, “Teleimedi” fəaliyyətini adi rejimdə, ikiqat enerji ilə davam etdirəcək, bütün əməkdaşların – o cümlədən artırılmış əməkhaqlarının – ödənilməsini və vergi öhdəliklərinin yerinə yetirilməsini təmin edəcək.
“Bundan əlavə, ictimaiyyətə bildiririk ki, ‘İmedi’ holdinqinin yeni təsisçiləri telekanalın sadiq dostları və sponsorlarının maliyyə dəstəyi ilə yaxın aylarda öz bankını – ‘İmedi Bankı’nı yaradacaq. Burada ümid var!” – deyə bəyanatda qeyd olunub.
Xatırladaq ki, fevralın 24-də Böyük Britaniya “İmedi” və “POSTV” telekanallarına sanksiya tətbiq edib. Böyük Britaniya hökumətinin məlumatına görə, hər iki televiziya “Rusiya dezinformasiyasının yayılmasında iştirak edən təşkilatlar” kimi sanksiyaya məruz qalıb.
Bu məsələ ilə bağlı Gürcüstan Milli Bankının prezidenti Natia Turnava bildirib ki, kommersiya bankları Gürcüstan Konstitusiyası və milli qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməlidirlər.
Onun sözlərinə görə, başqa yurisdiksiyada qəbul edilmiş normativ aktla Gürcüstan qanunvericiliyi arasında “koliziya” yaranarsa, kommersiya bankları Konstitusiya və milli qanunvericiliklə müəyyən edilmiş normalara uyğun hərəkət etməyə borcludurlar.


