Tbilisi meriyası: Güclü yağıntılar paytaxtda ciddi fəsadlar törədib
Tbilisi meriyasının məlumatına görə, paytaxtda müşahidə olunan güclü yağıntılar şəhər infrastrukturuna ziyan vurub.
InterPress.ge-nin məlumatına görə, bildirilib ki, son 24 saat ərzində ağacların kütləvi aşması halları qeydə alınıb. Nəticədə elektrik ötürücü xətlərə, küçə işıqlandırma dirəklərinə və avtomobillərə ziyan dəyib, bəzi yollar bağlanıb.
Meriyanın yaydığı açıqlamada qeyd olunur ki, xüsusilə ağır və yaş qar səbəbindən ağac budaqlarının qırılması və ağacların aşması halları artıb. Bu səbəbdən ağacların altında hərəkət etmək təhlükəli hesab olunur.
Məlumata əsasən, bir neçə ünvanda internet xətləri də qırılıb və onların bərpası üçün provayder şirkətlər aktiv şəkildə çalışır.
Hadisələr barədə məlumat daxil olan kimi operativ reaksiya verildiyi bildirilib. “Tbilisi Ekoservis Qrupu” və rayon icra hakimiyyətlərinin briqadaları 24 saatlıq rejimdə işləyərək yolların təmizlənməsi və problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görür.
Meriyadan verilən məlumata görə, operativ əməkdaşlığa görə Daxili İşlər Nazirliyinə də təşəkkür edilib.


