Mənzil oğurluğu və 80 min larin mənimsənilməsi faktı üzrə iki nəfər saxlanılıb
Hüquq-mühafizə orqanları mənzil oğurluğu və qanunsuz olaraq 80 000 larin mənimsənilməsi ittihamı ilə iki nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata görə, Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları tərəfindən 1997-ci il təvəllüdlü R.Ç. və əvvəllər məhkum olunmuş, hazırda şərti cəza altında olan 1968-ci il təvəllüdlü T.N. qrup halında törədilmiş oğurluq ittihamı ilə saxlanılıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər əvvəlcədən razılaşaraq, Tbilisidə yerləşən mənzillərdən birinə qanunsuz daxil olub və külli miqdarda – 80 000 lari məbləğində pulu mənimsəyiblər.
Keçirilmiş istintaq tədbirləri nəticəsində hər iki şəxs təqsirləndirilən qismində saxlanılıb. Maddi sübut kimi oğurlanmış vəsait hesabına alındığı ehtimal olunan avtomobil, mobil telefonlar və pul vəsaiti götürülüb.
Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü və 4-cü hissələri ilə aparılır. Sözügedən maddə 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


