Turizm şirkətinin direktoru külli miqdarda dələduzluq ittihamı ilə saxlanılıb
Hüquq-mühafizə orqanları turizm şirkətlərindən birinin direktorunu külli miqdarda dələduzluq ittihamı ilə saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata görə, Acarıstan Polis Departamentinin əməkdaşları 1977-ci il təvəllüdlü L.F.-ni məhkəmə qərarı əsasında Batumidə saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs əvvəlcədən hazırlanmış plan əsasında, vəzifə səlahiyyətlərindən istifadə edərək onlarla vətəndaşa qarşı dələduzluq edib. O, vətəndaşlara xarici ölkələrə turlar təşkil edəcəyini vəd etsə də, öhdəliyini yerinə yetirməyib və onlara məxsus vəsaiti mənimsəyib.
Vətəndaşlara dəymiş zərərin ümumi məbləği 218 427 lari təşkil edir.
Keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində L.F. təqsirləndirilən şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi ilə aparılır. Sözügedən maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


