Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirağı Əsədovdan başsağlığı bəyanatı
Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri və şeyxi Mirağı Əsədov Ayətullah əl-Üzma Seyid Əli Xamneyinin şəhadətə yetirilməsi ilə bağlı başsağlığı bəyanatı yayıb.
InterPress.ge xəbər verir ki, bəyanatda qeyd olunur ki, İslam aləmi ağır və sarsıdıcı itki ilə üz-üzə qalıb.
Bildirilir ki, böyük alim, müctəhid və İslam ümmətinin görkəmli şəxsiyyətlərindən biri olan Ayətullah əl-Üzma Seyid Əli Xamneyinin terror və təcavüz nəticəsində şəhid edilməsi dərin hüznlə qarşılanır.
Mirağı Əsədov vurğulayıb ki, şəhid rəhbər ömrünü İslamın ali dəyərlərinin qorunmasına, müsəlmanların birliyinin möhkəmləndirilməsinə və ədalət prinsiplərinin müdafiəsinə həsr edib. Onun elmi irsinin, ictimai-siyasi mövqeyinin və dini rəhbərliyinin uzun illər təkcə İran üçün deyil, bütövlükdə İslam dünyası üçün mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Bəyanatda beynəlxalq hüququ və dövlətlərin suverenliyini pozan, mülki şəxslərə qarşı zorakılıq və terror xarakterli əməllərə yol verən bütün qanunsuz hərəkətlər kəskin şəkildə pislənilib. Qeyd edilib ki, bu cür addımlar beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, sülh və təhlükəsizliyə ciddi təhdid yaradır və bu əməllərə yol verən şəxslər beynəlxalq hüquq qarşısında məsuliyyət daşımalıdır.
Sonda ailəsinə, yaxınlarına, İran İslam Respublikasının xalqına və bütün İslam ümmətinə dərin hüznlə başsağlığı verilib, Uca Allahdan şəhidin məqamının uca tutulması dilənib.


