Sürüclərin nəzərinə: Bu cərimələr artırılır
Parlamentin Hüquqi məsələlər komitəsi ikinci oxunuşda – maddələr üzrə müzakirə edərək “İnzibati Xətalar Məcəlləsi”nə nəzərdə tutulan dəyişiklikləri dəstəkləyib.
InterPress.ge xəbər verir ki, qanun layihəsinin qüvvəyə minməsi ilə yol-hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələr artırılacaq və məsuliyyət sərtləşdiriləcək.
Söhbət Daxili İşlər Nazirliyi tərəfindən hazırlanaraq ötən ilin noyabrında parlamentə təqdim edilmiş qanun layihəsindən gedir. İkinci oxunuş çərçivəsində bəzi maddələrə düzəlişlər edilib.
Qanunvericilik paketinə əsasən, nəqliyyat vasitəsinin yolda manevr qaydalarının pozulmasına görə cərimə 100 lariyə qədər artırılır. Eyni zamanda, bu inzibati xəta üzrə sürücülük vəsiqəsində nəzərdə tutulan bal sistemi 20 bal azaldılacaq.
Sürət həddinin saatda 15 km-dən artıq, lakin 40 km-dən çox olmamaqla aşılmasına görə sanksiya 50-dən 100 lariyə qədər artırılır.
Avtomobillə hərəkət zamanı sürücü və ya sərnişinin təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə cərimə 50 lariyə qədər yüksəldilir. Bu halda da sürücülük vəsiqəsində 10 bal azalma tətbiq ediləcək.
Nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadəyə görə cərimə 50 lariyə qədər artırılır.
Dayanma və durma qaydalarının pozulmasına görə cərimə məbləği Tbilisi ilə yanaşı Kutaisi, Batumi, Mçxeta, Rustavi, Qori, Telavi, Poti və Zuqdidi bələdiyyələrində, eləcə də Gürcüstanın kurort zonalarında 50 lariyə qədər yüksəldilir. Komitə iclasında bildirilib ki, bu siyahıya Axaltsixe və Ozurgeti də əlavə olunacaq.
“BUS LANE” zolağında marşrut nəqliyyat vasitələrindən başqa digər nəqliyyat vasitələrinin əks istiqamətdə hərəkətinə görə 200 lari məbləğində cərimə tətbiq ediləcək.
Yeni inzibati xəta kimi nəqliyyat vasitəsinin səkidə və ya piyada keçidində saxlanılması müəyyən edilir. Bu halda 100 lari məbləğində cərimə nəzərdə tutulur. Qanunda göstərilən şərtlər mövcud olduqda, nəqliyyat vasitəsi xüsusi mühafizə olunan dayanacağa aparılacaq.
“Drift”lə bağlı inzibati məsuliyyət də sərtləşdirilir. Əgər “drift” nəticəsində nəqliyyat vasitəsinə, əmlaka, tikiliyə zərər dəyərsə və ya şəxsə yüngül xəsarət yetirilərsə, 500 lari cərimə ilə yanaşı, 6 ay müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququ dayandırılacaq.
Bundan əlavə, yolun, dəmir yolu keçidinin və ya digər yol qurğularının saxlanılması, tikinti-təmir işlərinin aparılması qaydalarının pozulmasına, hərəkətin vaxtında məhdudlaşdırılması və ya bərpası üçün tədbirlərin görülməməsinə, yol örtüyünün çirkləndirilməsinə, hərəkət hissəsinə tikinti materiallarının tökülməsinə, icazəsiz küçə ticarətinin təşkilinə və ya Daxili İşlər Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinin yazılı göstərişinin yerinə yetirilməməsinə görə cərimə 200 laridən 2 000 lariyə qədər artırılır.
Bu hallarda fiziki şəxslər 2 000 lari, hüquqi şəxslər isə 5 000 lari məbləğində cərimələnəcək.


