03 
Mar
2026
12:09
927

Yol nişanlarına yeni qadağa əlavə olunur – Buna görə 200 lari cərimə

Gürcüstanda yol nişanlarına yeni qadağanedici nişan – “Yanğın hidrantının yanında dayanmaq qadağandır” əlavə ediləcək.

InterPress.ge xəbər verir ki, bu nişanın tələbinin pozulması sürücünün 200 lari məbləğində cərimələnməsinə səbəb olacaq.

Dəyişikliklər Gürcüstanın Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə “İnzibati Xətalar Məcəlləsi”nə və “Yol hərəkəti haqqında” qanuna edilir. Qanunvericilik paketi hazırda parlamentdə ikinci oxunuşda müzakirə olunur.

Dəyişikliklərə əsasən, yol-hərəkəti qaydalarının pozulmasına görə mövcud cərimələr artırılır və məsuliyyət sərtləşdirilir. İkinci oxunuş zamanı bəzi maddələrə düzəlişlər edilib və yeni inzibati məsuliyyət növləri müəyyənləşdirilib.

Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidzenin sözlərinə görə, Tbilisi şəhərinin inzibati sərhədləri daxilində ümumi istifadədə olan avtomobil yolunda N2 və N3 kateqoriyalı nəqliyyat vasitələrinin hərəkəti (tranzit hərəkətə icazə verilən yollar istisna olmaqla), əgər yükdaşımaların təyinat məntəqəsi Tbilisi deyilsə, 500 lari məbləğində cərimə ilə nəticələnəcək. Nəqliyyat vasitəsinin səki ilə hərəkəti isə 200 lari cərimə olunacaq.

Bundan əlavə, “Dayanmaq qadağandır” və ya “Durmaq qadağandır” nişanlarının tələbinin, eləcə də dayanma-durma qaydalarının digər tələblərinin pozulması Tbilisi, Kutaisi, Batumi, Mçxeta, Rustavi, Poti, Zuqdidi, Axaltsixe, Ozurgeti və Gürcüstanın kurort zonalarında 50 lari məbləğində cərimə ilə nəticələnəcək. Bu pozuntu M3, N2, N3 və ya T kateqoriyalı nəqliyyat vasitələri ilə törədildikdə də 50 lari cərimə tətbiq olunacaq.

Səki və ya piyada keçidində dayanma və durmaya görə cərimələr inzibati mərkəzlər üzrə diferensiallaşdırılıb. Belə ki, bu pozuntu Tbilisi, Kutaisi, Batumi, Mçxeta, Rustavi, Qori, Telavi, Poti, Zuqdidi, Axaltsixe, Ozurgeti və kurort zonalarında 100 lari cərimə ilə nəticələnəcək. Digər şəhərlərdə isə cərimə 10 lari olacaq.

Eyni zamanda, xüsusi ayrılmış BUS LANE zolağında (marşrut nəqliyyatı üçün nəzərdə tutulan əks istiqamətli zolaq) marşrut nəqliyyatı vasitələri istisna olmaqla digər nəqliyyat vasitələrinin hərəkəti, dayanması və ya durması 200 lari cərimə ilə nəticələnəcək.

Qanun layihəsinə görə, nəqliyyat vasitəsinin qəsdən sürüşdürülməsi və ya sürüşmə ilə dairəvi manevr etməsi (drift) nəticəsində nəqliyyat vasitəsinə, yükgötürməyə, yola, yol qurğularına, digər əmlaka və ya insanın sağlamlığına yüngül zərər dəydikdə, sürücü 500 lari cərimələnəcək və nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə dayandırılacaq.

Bizimlə əlaqə saxlayın