2026-2027-ci tədris ili üçün istisna tətbiq olunacaq – 31 dekabra qədər 6 yaşı tamam olan uşaqlar da I sinfə qəbul ediləcək
2026-2027-ci tədris ilində istisna qaydada 31 dekabr tarixinədək 6 yaşı tamam olan uşaqlar da I sinfə qeydiyyatdan keçə biləcəklər.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze brifinqdə məlumat verib.
Nazirin sözlərinə görə, ümumi təhsil sistemində həyata keçirilən islahat çərçivəsində məktəblərdə təhsilin keyfiyyətinin artırılması və məktəb mühitinin yaxşılaşdırılması istiqamətində müxtəlif addımlar atılır. O qeyd edib ki, islahat çərçivəsində gələcəkdə uşağın I sinfə qəbul edilməsi yalnız 15 sentyabr tarixinədək 6 yaşı tamam olduğu halda mümkün olacaq.
Mikanadze bildirib ki, bu təşəbbüs beynəlxalq təcrübəyə əsaslanır və uşağın məktəb prosesinə qoşulması üçün sosial-emosional hazırlıq səviyyəsini, minimal kompetensiyaların və zəruri bacarıqların formalaşmasını nəzərə alır.
Nazirin sözlərinə görə, son dövrlərdə bu qərar cəmiyyətdə geniş müzakirə olunub, müxtəlif regionlarda məktəb icmasının nümayəndələri, o cümlədən valideynlərlə görüşlər keçirilib və sosial şəbəkələrdə yayılan müraciətlər diqqətlə öyrənilib.
“Baş nazir İrakli Kobaxidze ilə məsləhətləşmələrdən sonra qərara alındı ki, istisna qaydada və birdəfəlik olaraq 2026-2027-ci tədris ilində 31 dekabr tarixinədək 6 yaşı tamam olan uşaqlara I sinfə qeydiyyat imkanı verilsin”, – deyə nazir bildirib.
Mikanadze vurğulayıb ki, hökumət üçün cəmiyyətin mövqeyini dinləmək və nəzərə almaq prinsipial əhəmiyyət daşıyır. O xatırladıb ki, islahatın milli konsepsiyası 2025-ci ilin dekabrında təqdim edilib və keçid dövrünün məktəb icması üçün mümkün qədər sadə olması məqsəd qoyulub.
Nazir əlavə edib ki, valideynlərin əksəriyyəti artıq konkret məktəblərlə danışıqlara başlayıb və uşaqları I sinfə hazırlaşdırır. Buna görə də valideynlərin maraqları prioritet kimi nəzərə alınıb.


