Marneulidə İran səfirliyinin təşkilatçılığı ilə iftar mərasimi keçirilib - FOTO
Ötən axşam İran İslam Respublikasının Gürcüstandakı səfirliyi hər il olduğu kimi Marneulidə sünni və şiə müsəlmanlarının, eləcə də Gürcüstanda akkreditə olunmuş diplomatların iştirakı ilə iftar mərasimi təşkil edib.
InterPress.ge xəbər verir ki, mərasim Marneuli şəhərində yerləşən İmam Hüseyn məscidində keçirilən dini mərasimdən sonra baş tutub və tədbir İranın ali dini liderinin şəhadətinin anımına həsr olunub.
Tədbirdə çıxış edən İranın Gürcüstandakı səfiri Seyyid Əli Mocani bildirib ki, o, Gürcüstanın dini lideri II İliyanın İranın şəhid olmuş ali dini lideri ilə tarixi görüşü barədə danışmaq imkanı əldə edib. Onun sözlərinə görə, həmin görüş zamanı iki dini lider insan ləyaqəti, əxlaq, bəşəri dəyərlər və ailə institutunun əhəmiyyəti kimi mövzulara xüsusi diqqət yetiriblər.
Səfir qeyd edib ki, onların baxışına görə, müstəqillik təcrid demək deyil, əksinə, işğal, hegemonluq və xarici təzyiqlərə qarşı mənəvi müqavimət göstərmək qabiliyyətidir.
Mocani əlavə edib ki, II İliyanın İrana səfəri dinlərarası dialoqun və dini liderlər arasında əməkdaşlığın mühüm nümunələrindən biri olub və bu səfər yüksək səviyyədə qarşılanıb. Onun sözlərinə görə, dini liderlər müxtəlif dinlər arasında körpü rolunu oynamalıdırlar.
Diplomat həmçinin bildirib ki, həmin görüş zamanı aparılan geniş müzakirələr mühüm mesajlar ehtiva edir və ümid etdiyini ifadə edib ki, bir gün bu danışıqların məzmunu həm İran, həm də Gürcüstan ictimaiyyəti üçün açıqlanacaq.
Mocani qeyd edib ki, İranın ali dini lideri hər il belə gecələrdə iftar süfrəsi arxasında şairlərlə görüşərdi və o hesab edirdi ki, məsuliyyətli söz və fikir heç bir ordunun qarşısını ala bilmədiyi bir gücdür.
Tədbirin sonunda Baqi qəbiristanlığının yeni əldə edilmiş fotosu Gürcüstandakı sünni və şiə məscidlərinə xatirə olaraq təqdim olunub.





