05 
Mar
2026
18:49
217

Gürcüstanda 14 Türkiyə vətəndaşı saxlanılıb

Türkiyə Respublikasının 14 vətəndaşı saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin keçirdiyi brifinqdə Mərkəzi Kriminal Polis Departamentinin direktor müavini İrakli Dondoladze bildirib.

Onun sözlərinə görə, saxlanılanlardan 11 nəfər Türkiyə polisi tərəfindən son 5 ildə verilmiş Interpolun “qırmızı bülleten”i əsasında beynəlxalq axtarışda olub, 3 nəfər isə Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən milli səviyyədə axtarışda idi.

Dondoladze qeyd edib ki, saxlanılan şəxslərin Türkiyə Respublikasının ədliyyəsinə təhvil verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müvafiq hüquqi prosedurlar həyata keçirilir.

Nazirlik nümayəndəsinin sözlərinə görə, Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları ölkə ərazisində axtarışda olan xarici vətəndaşların müəyyən edilməsi və saxlanılması məqsədilə tərəfdaş dövlətlərin hüquq-mühafizə orqanları ilə fəal əməkdaşlıq edirlər.

“Son 24 saat ərzində Daxili İşlər Nazirliyinin əməkdaşları türk həmkarları ilə birlikdə Gürcüstanın müxtəlif bölgələrində növbəti uğurlu polis əməliyyatı həyata keçiriblər. Nəticədə Türkiyə Respublikasının 14 vətəndaşı saxlanılıb. Onlardan 11 nəfər Interpolun qırmızı bülleteninə əsasən beynəlxalq axtarışda idi, 3 nəfər isə Türkiyədə milli səviyyədə axtarışda olub”, – deyə o bildirib.

İstintaq nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərin əksəriyyəti beynəlxalq axtarış elan edilməzdən əvvəl Gürcüstan ərazisinə daxil olub, bir qismi isə ölkəyə qanunsuz yolla gəlib. Bu faktlarla bağlı müvafiq cinayət-prosessual tədbirlər davam etdirilir.

Saxlanılanlar arasında ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən şəxslər var. Onlar narkotik və psixotrop maddələrin istehsalı, satışı, əldə edilməsi və saxlanılması, oğurluq, qəsdən bədən xəsarəti yetirmə, hədə-qorxu, odlu silahın qanunsuz əldə edilməsi və daşınması, əmlaka ziyan vurma, azyaşlıya qarşı əxlaqsız hərəkətlər, cəza çəkməkdən yayınma, kriminal təşkilatın üzvlüyü, qətl və 26 epizod üzrə dələduzluq kimi cinayətlərdə ittiham olunurlar.

Qeyd olunub ki, əməliyyatdan əvvəl uzunmüddətli operativ-axtarış tədbirləri həyata keçirilib. Əməliyyatın planlaşdırılması və icrasında Gürcüstan Daxili İşlər Nazirliyinin müxtəlif bölmələri, Baş Prokurorluq əməkdaşları, Türkiyənin Interpol Milli Bürosu, Türkiyə Milli Polisi və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə bölmələri, həmçinin Gürcüstanda akkreditə olunmuş Türkiyə polisi və jandarma attaşeləri iştirak ediblər.

Nazirlik həmçinin Türkiyə tərəfinə əməkdaşlığa görə təşəkkür edib və qeyd edib ki, iki ölkə arasında hüquq-mühafizə sahəsində mövcud olan sıx və uzunmüddətli əməkdaşlıq mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə mühüm nəticələr əldə etməyə imkan verir.

Bildirilib ki, bu, Gürcüstan və Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən birgə həyata keçirilən növbəti uğurlu əməliyyatdır. Ötən ilin avqustunda keçirilmiş oxşar əməliyyat zamanı da Türkiyə polisi tərəfindən beynəlxalq axtarışda olan 14 nəfər saxlanılmışdı.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər