Mixeil Saakaşvili yenidən azərbaycanlılardan yazdı - "Marneulidə gənclərin Xamenei portretləri ilə çıxması ciddi təhlükədir"
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə paylaşım edərək ölkədə yaşayan azərbaycanlı icma, regional təhlükəsizlik və Gürcüstandakı siyasi vəziyyət barədə fikirlərini bölüşüb.
InterPress.ge xəbər verir ki, o,bu barədə rəsmi facebook səhifəsində yazıb.
Saakaşvilinin sözlərinə görə, Gürcüstan üçün ciddi suallar yaradır ki, ölkədəki azərbaycanlı əhalinin müəyyən hissəsi İran rejimini dəstəkləyir və Marneulidə bəzi gənclər İranın ali lideri Əli Xameneinin portretləri ilə görünür.
O bildirib ki, sual doğuran digər məsələ də bəzi azərbaycanlıların İranın xüsusi xidmət orqanları tərəfindən asanlıqla cəlb oluna bilməsi ilə bağlıdır. Saakaşvili qeyd edib ki, vəziyyət o həddə çatıb ki, Azərbaycan öz ərazisinə Gürcüstandan gələn bəzi azərbaycanlıların daxil olmasının qarşısını almaq üçün sərhədi bağlamağa məcbur olub.
Keçmiş prezident xatırladıb ki, “Qızılgül inqilabı”ndan əvvəl Gürcüstandakı azərbaycanlılar əsasən təcrid olunmuş vəziyyətdə yaşayır, kənd təsərrüfatı ilə məşğul olur, gürcü dilini bilmirdi və ictimai həyatda iştirak etmirdi. Onun sözlərinə görə, həmin dövrdə hüquq-mühafizə orqanları tərəfindən onlara qarşı ciddi təzyiqlər də mövcud idi.
Saakaşvili bir hadisəni də xatırladaraq bildirib ki, o, ədliyyə naziri işlədiyi dövrdə Bolnisi istiqamətində hərəkət edən avtobusa minərək milisin azərbaycanlılardan rüşvət tələb etdiyini gizli şəkildə lentə alıb. Onun sözlərinə görə, avtobus bazara çatana qədər 21 dəfə saxlanılıb və hər dəfə sərnişinlərdən pul tələb olunub. Pul qurtardıqdan sonra isə milis onların pomidor, soğan və digər məhsullarını əlindən alıb.
O qeyd edib ki, həmin video sonradan o dövrün prezidenti Eduard Şevardnadzeyə və hökumət üzvlərinə göstərilib, lakin prezident buna ciddi reaksiya verməyib.
Saakaşvili bildirib ki, 2004-cü ildən sonra hakimiyyətə gəldikdən sonra polis sistemi ləğv olunaraq yenidən qurulub və insanların sıxışdırılması dayandırılıb.
Onun sözlərinə görə, bundan sonra azərbaycanlıların inteqrasiyası üçün ciddi addımlar atılıb. Təhsil naziri Kaxa Lomia azərbaycanlı və erməni gənclərin universitetlərə qəbulunu sadələşdirib və bunun nəticəsində əvvəllər təhsil üçün əsasən Azərbaycana gedən gənclər Gürcüstanda qalmağa başlayıb.
Saakaşvili əlavə edib ki, sonrakı mərhələdə azlıqların yaşadığı bölgələrə gürcü dili müəllimləri göndərilib və onlara aylıq 1500 lari (o dövr üçün təxminən 900 dollar) maaş ödənilib.
O həmçinin qeyd edib ki, dövlət strukturlarında azərbaycanlıların irəli çəkilməsi istiqamətində də addımlar atılıb. Bunun tam yetərli olmadığını etiraf edən Saakaşvili bildirib ki, buna baxmayaraq, həmin dövrdə inteqrasiya istiqamətində doğru addımlar atılıb.
Keçmiş prezidentin sözlərinə görə, hazırkı hakimiyyət dövründə korrupsiya və təzyiq halları yenidən artıb və xüsusilə İranın təsiri altında olan radikal dini qruplar fəallaşıb.
Saakaşvili bildirib ki, son dövrlərdə Kvemo Kartlidən olan bir neçə nəfər Avropa ölkələrində İran üçün casusluq ittihamı ilə saxlanılıb və onların sonuncusu bir neçə gün əvvəl Yunanıstanda həbs olunub.
Onun sözlərinə görə, radikal islamçı təsir xüsusilə gənclər arasında güclənir. Saakaşvili iddia edir ki, Azərbaycan dini radikallaşma təhlükəsi səbəbindən sərhədi bağlayıb, Tbilisi isə gənclərə gələcək perspektiv təklif etmir.
Keçmiş prezident hesab edir ki, bu vəziyyət davam edərsə, Gürcüstan ciddi etnik qarşıdurma riski ilə üz-üzə qala bilər.
Saakaşvili qeyd edib ki, azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası üçün ən çox addım atan siyasətçilərdən biri məhz o olub və bu icmaya xüsusi münasibət bəsləyir.
O sonda bildirib ki, yalnız ölkənin bütün vətəndaşlarının – etnik mənsubiyyətindən asılı olmayaraq – birliyi Gürcüstanın və hər bir vətəndaşın azadlığını təmin edə bilər.


