11 
Mar
2026
01:37
151

Gürcüstanın baş naziri tərəfindən müsəlmanların şərəfinə iftar süfrəsi təşkil olunub

Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət üzvləri ilə birlikdə ölkədəki müsəlman icması üçün iftar süfrəsi təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan hökumətinin administrasiyası yayıb.

Məlumata görə, hökumət başçısı çıxışında müasir və güclü Gürcüstan dövlətinin qurulması prosesində müsəlman icmasının rolundan danışıb və onları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib.

“Bizim üçün böyük şərəfdir ki, bu il də sizi iftar süfrəsində qəbul edirik. Bu görüş bir daha göstərir ki, qardaşlığımız, birliyimiz və qarşılıqlı hörmətimiz sarsılmazdır. Gürcüstandakı hər bir müsəlmanı və bütün müsəlman icmasını Ramazan ayı münasibətilə təbrik edirəm. Çox keçmədən İslam dünyası Ramazan bayramını qeyd edəcək. Bu, birlik və qardaşlıq bayramıdır və Gürcüstan dövləti də bunu sizinlə birlikdə bölüşür. Bizim gücümüz Gürcüstanda yaşayan xalqları birləşdirən birlikdədir”, – deyə Kobaxidze bildirib.

Baş nazir qeyd edib ki, regionda baş verən mürəkkəb proseslər fonunda Gürcüstanda sünni və şiə müsəlmanların eyni məsciddə birlikdə ibadət etməsi xüsusi simvolik məna daşıyır.

Onun sözlərinə görə, bu fakt Gürcüstanda islamın unikal xüsusiyyətlərindən biridir və sülh şəraitində birgəyaşayışın nümunəsidir.

İftar mərasimində həmçinin Din Məsələləri üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze, Qərbi Gürcüstanın müftisi Adam Şantadze, Gürcüstan müsəlmanlarının şeyxi Faiq Nəbiyev və Şərqi Gürcüstanın müftisi Etibar Eminov çıxış ediblər.

Baş nazirin adından müsəlman icmasının şərəfinə təşkil olunan iftarda Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani, Regional inkişaf naziri Kaxa Guledani, Acarıstan Muxtar Respublikasının hökumət sədri Sulxan Tamazaşvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani də iştirak ediblər.

Bizimlə əlaqə saxlayın