11 
Mar
2026
12:13
232

Mixeil Saakaşvili: Gürcüstan azərbaycanlılarının böyük əksəriyyəti ölkənin vətənpərvərləridir

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə gürcüstanlı azərbaycanlılarla bağlı yazılan bəzi paylaşımlara münasibət bildirib.

InterPress.ge xəbər verir ki, Saakaşvili bu barədə öz rəsmi Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, sosial şəbəkələrdə gürcüstanlı azərbaycanlılarla bağlı yayılan bəzi paylaşımlar isteriyanı xatırladır və bu yanaşma düzgün deyil.

Saakaşvili bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlıların böyük əksəriyyəti ölkənin vətənpərvər vətəndaşlarıdır və mövcud hakimiyyətə qarşı tənqidi mövqedədirlər.

“Hamı anlamalıdır ki, gürcüstanlı azərbaycanlıların mütləq əksəriyyəti Gürcüstanın vətənpərvərləridir və ölkəni 90-cı illərə qaytaran hakimiyyət uzurpatorlarına qarşı müxalif mövqedədirlər”, – deyə Saakaşvili qeyd edib.

Onun sözlərinə görə, etnik azərbaycanlılar arasında pis insanların faizi etnik gürcülərdə olduğu kimidir.

Saakaşvili əlavə edib ki, gürcülər arasında bu qrup daha çox Rusiya yönümlü olduğu halda, azərbaycanlılar arasında buna İran yönümlülük də əlavə olunur.

Eyni zamanda o bildirib ki, İranla əlaqəli islam “universiteti” bağlanmalı və İran xüsusi xidmət orqanlarının fəaliyyəti dayandırılmalıdır.

Saakaşvili qeyd edib ki, yaxın vaxtlarda gürcüstanlı azərbaycanlıların fəal iştirakı ilə Gürcüstan mövcud hakimiyyətdən azad ediləcək və ölkədə yenidən birlik və razılıq bərqərar olacaq.

Onun sözlərinə görə, gələcəkdə Bakı ilə razılaşma əldə ediləcək və Gürcüstan-Azərbaycan sərhədi iki ölkənin vətəndaşları üçün birlikdə açılacaq.

Saakaşvili vurğulayıb ki, onun əsas prinsipi milli həmrəylik, inteqrasiya və inkişaf olub və bu prinsiplər dəyişməz olaraq qalır.

Bizimlə əlaqə saxlayın